“Qərara əsasən dəmiryol kənarındakı evlər sökülməlidir“

Paytaxta dəmir yolu xətlərinin kənarlarında tikilən xeyli sayda yaşayış evinin sökülməsi üçün hökumətdən cavab gözləyirik. Bu barədə modern.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. O, bildirib ki, dəmir yolu xətlərinin kənarlarında tikilən xeyli sayda ev var ki, həmin evlər Nazirlər Kabinetinin qərarı ilə sökülməlidir.

"Bir müddət əvvəl dəmiryolu xətlərinin yaxınlığında olan bağ, bağçalar söküldü. Amma dəmiryolunun yaxınlığındakı evlərin söküntüsü saxlanıldı. Amma bununla bağlı Nazirlər Kabinetinin qərarı var və o qüvvədə qalır. Bu qərara əsasən, həmin evlər sökülməlidir. Hətta bu məsələyə ikinci dəfə baxdılar və müəyyən etdilər ki, dəmiryolunun kənarlarında 2800 hektar ərazidə qeyri-qanuni tikililər var. Sənədlər hazırlandı və Nəqliyyat Nazirliyinə təqdim olundu. Nazirlikdə işçi komissiya yaradıldı. Komissiya qərara aldı ki, təxirəsalınmadan 880 ev sökülməlidir. Amma hələ ki, söküntü dayandırılıb. Hökumətin qərarını gözləyirik", – deyə Nadir Əzməmmədov bildirib.

Qeyd edək ki, mətbuata açıqlamalarının birində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirmişdi ki, ümumilikdə belə evlərin sayı 3 mindir, lakin sonradan hökumətə təxminən 1000 evin sökülməsi üçün müraciət olunub.

AzNews.az