İntihar etdiyi deyilən əsgərin qardaşından ŞOK açıqlamalar– Özəl

"Yayılan məlumatlar yalandır, ona iki güllə vurublar"

İyunun 27-də Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında əsgər Səmədov Xəzər Ağa oğlunun dünyasını dəyişməsi ilə bağlı AzNews.az-a ilginc məlumatlar daxil olub. Dünyasını dəyişən əsgərin qardaşı Misir Səmədovun sözlərinə görə, ailə onun mətbuatda yazıldığı kimi silahla davranış qaydalarının pozulması nəticəsində ölməsi barədə xəbərlərə inanmır: "Bu necə ola bilər ki, silahla səhv davranış nəticəsində əsgərə iki güllə dəysin? Birinci güllə qardaşımın ürəyindən, ikincisi isə mədəsindən dəyib".

M. Səmədovun sözlərinə görə, hadisə qardaşının tərxis olunmasına 2 gün qalmış baş verib: "5 gün əvvəl ona pul göndərdim. Bu gün də evə buraxılmalı idi. Evə buraxılmasından 2 gün əvvəl biri ürəyindən, digəri mədəsindən iki güllə dəyməsi hadisədə başqa məqamların olduğunu göstərir".
Onun sözlərinə görə, qardaşının ehtiyatsızlıq zəminində dünyasını dəyişmədiyini istintaq da təsdiqləyib: "İşi aparanlar bildirdilər ki, qardaşımın ölümü onun özü ilə bağlı deyil. Yəni qardaşımı kimsə öldürüb. Ancaq detallar barədə hələd ə bizə məlumat verməyiblər".

Qeyd edək ki, Xəzər Səmədov həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılmışdı.


Azər
AzNews.az