“Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir“ - İlham Əliyev

Prezident İlham Əliyev avqustun 14-də regionlara səfəri çərçivəsində İsmayıllını içməli su ilə təchiz edəcək kəmərin açılışı mərasimində də iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident öz nitqində məmurların ünvanına sərt tənqidlər səsləndirib.

AzNews.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, açılış mərasimində çıxış edən prezident bunları bildirib: "Dünyanın bir çox ölkələrində böhran yaşanır. Artıq 4-5 ildir ki, bəzi ölkələr bu böhrandan çıxa bilmirlər. Böhran həm iqtisadi tənəzzülə, həm də sosial proqramların dayandırılmasına gətirib çıxarır, iş yerləri ləğv edilir. Amma Azərbaycanda biz bunun tamamilə əksini görürük. Azərbaycan inkişafdadır. İndi bütün iqtisadi göstəricilər ən yüksək səviyyədədir.

Bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faiz artmışdır. Ümumi iqtisadiyyatımız 5 faiz artmışdır. İş yerləri açılmışdır. O cümlədən bölgələrdə quruculuq işləri görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir. Azərbaycanda bir dənə də olsun sosial infrastruktur layihəsi dayandırılmamışdır. Bax, bu su layihələri, doğrudan da, böyük vəsait tələb edən layihələrdir.

Yaxşı xatırlayıram ki, hələ bir neçə il bundan əvvəl bu layihələri icra etmək, xaricdən kreditlər almaq üçün bizdə müəyyən çətinliklər yaranmışdı. Yəni, o vaxt beynəlxalq maliyyə qurumları kreditlərin ayrılmasına o qədər də maraq göstərmirdilər. Xüsusilə sosial layihələrə ki, bu layihələrə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Ancaq bu gün iqtisadi islahatlar nəticəsində biz elə bir güclü iqtisadi baza yaratmışıq ki, nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur, özümüz də bəzi ölkələrə kreditlər veririk.

Beynəlxalq maliyyə qurumlarına kreditlər veririk. Bu da iqtisadi, siyasi cəhətdən bizim maraqlarımızı təmin edir.

Azərbaycan bölgənin lider dövlətidir. Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində aparılan islahatlar və regional inkişaf proqramları ilə bağlı təcrübə başqa ölkələrdə də öyrənilir. Biz buna necə nail ola bilmişik? Biz bölgələri necə canlandıra bilmişik?

Hələ görüləsi işlər çoxdur. Elə rayonlar vardır ki, orada işlər çox yaxşı gedir. Elə rayonlar vardır ki, bir qədər zəif gedir. Ona görə, mən də çalışıram ki, bütün rayonlarda mütəmadi qaydada olum və işlərin nə yerdə olduğunu öz gözümlə görüm.

Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcək.

Bütün vəzifəli şəxslər qarşısında qoyduğum əsas tələbləri mən qeyd etdim. Bir daha demək istəyirəm - mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcək.

Əldə edilmiş uğurlar heç bir yerdə təkrarlana bilməz. Biz son ilin statistikasını, görülən işləri götürsək görərik ki, iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Ancaq bu bizi kifayətləndirməməlidir. Biz daha da böyük işlər görməliyik və görə də bilərik. Çünki zəhmətkeş xalqımız, xalqla iqtidar arasında birlik, dövlət siyasəti vardır. Bu siyasətin mərkəzində vətəndaşdır, Azərbaycan vətəndaşıdır. Gözəl ölkəmiz, gözəl təbiətimiz, təbii sərvətlərimiz, artıq gözəl infrastrukturumuz vardır. Bundan sonra Azərbaycan daha da sürətlə qabağa getməlidir.

Bölgələrin inkişafı gələcəkdə ölkəmizin ümumi inkişafını təmin edəcəkdir. Çünki hələ ki, iqtisadiyyatımızın əsas hissəsi təbii ehtiyatlardır. Ancaq on ildən, iyirmi ildən sonra, bəlkə də ondan da tez bir vaxtda iqtisadiyyatımızın əsas hissəsi qeyri-neft sektoru olacaqdır. Artıq bu proses başlamışdır. İqtisadiyyatımızın əsas hissəsi indi qeyri-neft sektorunda yaranır. Ancaq gələcəkdə qeyri-neft sektorunun payı daha da artmalıdır. Ona görə hər bir bölgədə iş yerləri - kənd təsərrüfatı, yüngül sənaye, infrastruktur layihələri - hər bir kənddə, hər bir şəhərdə problemlər həll olunmalıdır. Belə olan halda ölkədə bütün problemlər həll olunacaq."

AzNews.az