Ceyranbatan batır; Yaşıllıq məhv edilir, yollar da satılır – Araşdırma - FOTO

Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri piyadalar üçün nəzərdə tutulan səkini də satır; Sənədlər paylanarkən isə, nə tikinti normalarına, nə də sənədləşdirmə qaydalarına əməl olunur; Səkidə yan-yana deyil, qarşı-qarşıya obyektlər yerləşdirməyə qərar verən bələdiyyə başçısının həyata keçirdiyi qanunsuz fəaliyyət qəsəbənin əsas küçəsində daim tıxac yaranmasına səbəb olur; Sakinlər narazıdır, bir vaxtlar hamının rahat yaşadığı qəsəbə gərginlik, problemlər içərisində "üzür".

AzNews.az səkinin hətta bələdiyyə üzvlərindən xəbərsiz satılması nəticəsində ortaya çıxan və həlli müşkülə dönən bir faktı araşdırarkən qarşıya çıxan ilk mənzərə məhz bunlar olub.

Yaxşılığa yamanlıq

Zakir Əliyevin qəsəbə ərazisində, Gündüz Abdullayev küçəsində 53 kvadrat metrlik obyekti var. Z.Əliyev 1993-cü ildə tikdiyi obyektindən 2009-cu ilədək ərzaq malları mağazası kimi istifadə edib. Sonra isə özünə iş tapıb və mağazanı kasıb yaşayan qonşusuna yalnız kommunal xərcləri ödəməli qarşılığında kirayə verib. Qonşusu isə bir müddət sonra mağazanın qarşısına çadır qurub meyvə satmağa başlayıb. Daha sonra isə həmin yer dükanı kirayə götürən şəxsin bacısı Rəfiqə Novruzovanın adına rəsmiləşdirib. Rəfiqə Mirzəqulu qızı Novruzova aldığı həmin yerdə tikili tikmək fikrinə düşəndə Z.Əliyev hüquqi müstəvidə mübarizəsinə start verib: "Əvvəla bu yer yaşılıq zolağıdır, satılmamalıydı. Əgər satılırdısa, mənə təklif edilməliydi. Çünki burada nəsə tiklisə, mənim mağazam tam istifadəsiz olacaq. Buna görə də əvvəlcə Abşeron icra hakimiyyətinə müraciət etdim. Mənim müraciətimə cavab olaraq bələdiyyə öz əməlini xeyirxahlıq kimi qələmə verib və İH-nə guya, ailə vəziyyətini nəzərə alaraq, R.Novruzovaya mənim mağazamın yaxınlığında yer verdiyini bildirib".

Qeyd edək ki, özəlləşdirilən sahə qəsəbənin əsas yolunun kənarıdır və yaşıllıq zolağıdır. Torpaq özəlləşdiriləndən sonra oradakı ağacların hamısı kəsilib.


Qanuni mübarizə münaqişə səviyyəsinə çatdır

Bu müraciət nəticəsiz qalanda Z.Əliyev obyektinin və onun qarşısında aparılan tikintinin şəkillərini çəkib görüntülərlə birlikdə Milli Məclisə və Birinci xanım Mehriban Əliyevaya məktub ünvanlayıb. Bundan sonra aidiyyəti qurumlardan tikintiyə baxış keçirilib. Və məlum olub ki, R.Novruzovanın adına aparılan sənədləşmə tam qanuniləşdirilib: "Bu necə ola bilər, axı? Mağazanın qarşısında başqa bir mağazanın olması doğru deyil. Obyektin qarşısını kəsib. Az qala qapı açılanda qarşıdakı divara dəyir. Üstəlik satılan yer piyadalar nəzərdə tutulmuş səkidir. Abşeronda son vaxtlar həyata keçirilən abadlıq işləri, yolların və səkilərin genişləndirilməsi, yol qırağının yaşıllaşdırılması ilə müşayiət olunursa, rayonun Ceyranbatan qəsəbəsində bələdiyyə sədri tam tərsinə siyasət yürüdür". Z.Əliyev hesab edir ki, bu sənədləşmə reallaşdırılarkən hansısa amilin rolu olub: "Peykdən çəkirlərsə, mənim tikintim görünməliydi. Yerin plan ölçüsü əsasında verilən kadastrda bu əksini tapmalıydı. Bu isə o deməkdir ki, obyektin qarşısında başqa bir tikiliyə icazə verilməməliydi. Ayrı-ayrı qurumlardan mütəxəssislər gəlib yerə baxmış olsaydı, ikinci tikintiyə icazə verməməliydi. Ya həmin mütəxəssislər gəlməyib, ya da gəlibsə, nəyinsə müqabilində göz yumublar". Növbəti mərhələdə Z.Əliyev Sumqayıt İnzibati-İqtisad məhkəməsinə müraciət edib. Lakin məhkəmənin Z.Əliyevin xeyrinə verdiyi qərarı Apelyasiya məhkəməsi ləğv edib. Bu qərardan sonra tikinti davam etməyə başlayıb. Bu yaxınlarda baş verən hadisə tərəflərin arasındakı qanuni mübarizəni münaqişə səviyyəsinə çatdırıb.


Yaşıllıqlar – Bələdiyyə sədrinin qazanc mənbəyi

Qarşı tərəf – R.Novruzova AzNews.az-a 10 ildir ki, sözügedən yerdə meyvə-tərəvəz sataraq ailəsini dolandırdığını deyib: "Tək qadınam. Özüm də əliləm. 10 ildir ki, burada meyvə satırıq. Yerə görə vergi ödəyirik. İcra başçısının dəzgahların yığışdırılması barədə göstərişindən sonra mən də neçə ildir satışla məşğul olduğum yerdə tikinti aparmaq üçün icazə aldım". Z.Əliyev R.Novruzovanın dedikləri ilə razılaşmayıb: "Bələdiyyə sədri Cavanşir Zeynalov 12 min manat müqabilində qadına həmin yeri satıb. Burada 15-20 ildir ki, dəzgah qurub meyvə-tərəvəz satan adamlar var. Onlara sənəd verirlər? Bələdiyyə sədri burada hər şeyi satışa çıxarıb. Su və neft kəmərlərinin mühafizə zolaqları, yaşıllıqlar, ağaclar Cavanşir Zeynalovun qazanc mənbəyidir".

Z.Əliyev bələdiyyə sədrinin özbaşınalıqlarına qarşı mübarizəsini davam etdirmək niyyətindədir: "Avqustun 26-da Abşeron rayon icra başçısının qəbulunda oldum. Məsələni ona izah etdim. Baş arxitektoru da aparıb ərazini göstərmişəm. Ancaq tədbir görülməyib. Zakir Fərəcov baş arxitektora dedi ki, bir qapını açıb o birini bağlayırsınız? Sonra da tapşırdı ki, ikinci tikinti üçün verilən sənəd ləğv edilsin. Ancaq məsələ hələ də çözülmüş sayılmır. Çünki hələ bitməmiş məhkəmə çəkişməsi var".

İcra başçısının tapşırığı qüvvəsini itirir?

Z.Əliyev deyir ki, tapşırıq olsa da, icra başçısının göstərişi də digər müraciətlər kimi qüvvəsiz olacaq. Çünki tərəflərin mübahisəsi məhkəmə müstəvisində davam etdiyindən baş arxitektor vətəndaşa məhkəmə qərar vermədən müdaxilə edə bilməyəcəyini söyləyib. Bu isə o deməkdir ki, R.Novruzova məhkəmədən öz xeyrinə qərar alsa, bələdiyyənin özbaşına verdiyi sənəd qüvvəsində qalacaq: "Əgər mənə aid obyektin qarşısında hər hansı obyekt üçün yer ayrılırdısa, bu, ilk növbədə mənimlə razılaşdırılmalı idi. Oğlum bələdiyyə üzvüdür. Buna baxmayaraq, hətta oğlumun da bu sənədləşmədən xəbəri olmayıb. Buradan da belə qənaət formalaşır ki, Ceyranbatan bələdiyyəsində qərarlar hətta bələdiyyə üzvləri ilə də müzakirə olunmur".

"Mən hesab verən oğlan deyiləm..."

Bələdiyyə sədri özbaşına olduğunu bizimlə söhbətində də açıq şəkildə büruzə verir. C.Zeynalov Z.Əliyevlə R.Novruzova arasındakı məsələnin məhkəmə predmeti olduğunu əsas gətirərək, AzNews.az-a münasibət bildirməkdən imtina edib. O, bələdiyyədən verilən sənəddən bələdiyyə üzvlərinin xəbərsiz olması ilə bağlı deyilənləri təkzib edib. Onun sözlərinə görə, R.Novruzovaya verilən sənədin müzakirəsində 11 bələdiyyə üzvünün hamısı, o cümlədən Z.Əliyevin oğlu Orxan da iştirak edib: "11 bələdiyyə üzvünün hamısının imzası var. Orxan Əliyevin də xəbəri olub. Ola bilsin yadından çıxıb. Kimi maraqlandırırsa, gəlib baxa bilər. Ancaq siz baxa bilməzsiniz. Sən bildiyin işlərlə məşğul ol. Mən sənə hesab verən oğlan deyiləm. Mən kimə lazımdırsa, ona hesab verirəm".

Qeyd edək ki, 2007-ci ildən etibarən bələdiyyələrin torpaq vermək səlahiyyəti yoxdur. Torpaqlar hərrac yolu ilə satışa çıxarılır. Satışa çıxarılarkən isə ilk növbədə ən yaxınlıqdakı tikili sahibinə təklif olunur. Z.Əliyevin bu alqı-satğıdan xəbəri olmadığından, bu prosedurun necə aparıldığı maraq doğurur. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Abşeron Hərrac Komissiyası ilə də əlaqə saxlasaq da, sözügedən qurumlardan cavab verən olmadı.

Səkidə tikintiyə birmənalı olaraq icazə verilmir

Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzNews.az-a açıqlamasında bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsinə görə, binalar arasındakı məsafə binanın hündürlüyü ilə müəyyənləşdirilir. Tikililər arasındakı məsafə binanın hündürlüyünün 0.6 faizi qədər olmalıdır. Norma daxilində olub-olmamasından asılı olmayaraq, səkidə tikintiyə, ümumiyyətlə, icazə verilmir.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da AzNews.az-a bildirib ki, qurumun səkidə tikilən obyektə "Çıxarış" verərək dövlət qeydiyyatına alması mümkün deyil: "Obyekt səkidədirsə, birmənalı şəkildə biz həmin tikilini qeydiyyata almırıq".

"Allah onun qəzəbinə tuş gələnlərə səbir versin"

Qeyd edək ki, Abşeron RPŞ-də R.Novruzovanı yaxşı tanıyırlar. RPŞ-dən AzNews.az-a bildiriblər ki, Rəfiqə Novruzova artıq onları da bezdirib: "Onun əlindən biz də yaxa dartırıq. Allah onun qəzəbinə tuş gələnlərə səbir versin. Onun əlinə düşüb salamat qurtarmaq böyük xoşbəxtlikdir".

Ruhiyyə
AzNews.az
image description image description image description image description image description image description image description image description