"Heç bir siyasət dinc əhalinin qırğınına bais olmamalıdır" "Heç bir siyasət dinc əhalinin qırğınına bais olmamalıdır"

Allahşükür Paşazadə: "Naşükürlük etmək Allaha xoş getməz"

"Heç bir siyasət dinc əhalinin qırğınına bais olmamalıdır"




Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibə verib. AzNews.az həmin müsahibəni sizlərə təqdim edir.

- Azərbaycanda hazırkı dini durumu necə qiymətləndirirsiniz? Nəzərə alsaq ki, seçkiqabağı dövrdəyik və bəzi qüvvələrin dini kəsimi siyasi hərəkatlara cəlb etməkdə israrlı olması ilə bağlı xəbərlər dolaşır...

- Bismillahir-rəhmanir-rəhim! Əlhəmdüllillah, Azərbaycanda dini durum ümumən sabitdir. Dini icmalar öz fəaliyyətlərini davam etdirir, dövlətin yardım və qayğısı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunub və yenidən qurulmuş ibadətgahlarda dini vacibatlarını həyata keçirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar.

Naşükürlük etmək Allaha xoş getməz - bəziləri bu şəraiti dəyərləndirmək iqtidarında deyillərsə, bunun günahı onların üzərinə düşər. Dindarların demək olar ki, hamısı dövlətin və dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar. Dövlət rəhbərimizin dünya miqyasında İslamın təəssübünü çəkməsini, ona olan hücumları ən mötəbər kürsülərdən tənqid etməsini, bütün din və millət ardıcıllarına münasibətdə tolerantlıq, multikulturalizm ideyalarını təbliğ etməsini dindarlarımız böyük rəğbətlə qarşılayırlar. Dindarların layiqli namizədə dəstək olması, ona səs verməsi siyasət deyil, "haqqı haqlıya vermək" məfkurəsidir. Seçmək dindarın Konstitusiya haqqıdır, o da öz seçimini səsləndirə, onu dəstəkləyə bilər. Kimlərsə haqqı batil etmək məqsədilə böhtan, qarayaxma ilə məşğul olursa, insanları doğru yoldan çəkindirirsə və ən yolverilməzi, bunun üçün dindən sui-istifadə edirsə, bu, günahdır.

- Son vaxtlar dünya müsəlmanları arasında sürətlə parçalanma baş verdiyi iddia edilir. Meydana gələn dini cərəyanlar bu məsələdə aktivdirlər. Artıq Qafqazda da bu cərəyanlardan çox bəhs olunur. Sizcə regionda İslama ciddi təhlükə varmi?

- Bilirsiniz, tarix boyu bütün dinlərin daxilində müəyyən fikir ayrılıqları, ixtilaf və parçalanmalar olub. Bu, bəzən ilahi həqiqət axtarışında olduqlarını iddia edənlərin fərqli fikirlərindən irəli gəlibsə, çox zaman siyasi səbəblər, hakimiyyətə gəlmək məramı ilə edilib.

İslam daxilində meydana gəlmiş cərəyanların da özəl tarixi var. Onlardan bəziləri daha qədimdir, bəziləri nisbətən sonralar meydana gəlib. Mühüm olan bu cərəyanların İslam, "Quran" təməlindən kənara çıxaraq dağıdıcı yönümlü olmamasıdır. Əgər bir cərəyan ruhani həyat axtarışına deyil, müəyyən ambisiyaların gerçəkləşdirilməsinə xidmət edirsə, bu yolda insan qanının axıdılmasına bəraət verib, terrora haqq qazandırırsa, mütləq Allah və cəmiyyət qarşısında cavab verəcək. Yaşadığımız Qafqaz bölgəsi son 20 ildə bu yöndə böyük əzablar, çətinliklər yaşayıb. Bu gün Qafqaz 20 il əvvəlki məkan deyil, insanlar da dəyişib, təkmilləşib, dövlətlərimiz də güclənib. Dini maarifləndirmə işlərinin də səviyyəsi yüksəlib. Şükürlər olsun ki, hazırda bizim ümumi evimiz olan Qafqazda yaşayan xalqlar İslam adından sui-istifadə edərək öz məkrli niyyətlərini gerçəkləşdirmək istəyənlərin, ənənəvi mili-dini dəyərləri sıxışdıraraq, yad və dağıdıcı ideyaları təlqin edən qüvvələrin təsirindən qurtulmaq yönündə xeyli iş görülüb və nailiyyətlər var. Təbii ki, bu, elə də asan və qısa müddətə başa gələn bir məsələ deyil. Və bu gün də bu təhlükə tam sovuşmadığından səylər davam etdirilməlidir. İnsanların müxtəlif cür düşünmək xüsusiyyəti Allah-taalanın lütfündəndir. Lakin bu müxtəliflik bizim parçalanmağımıza deyil, bir-birimizi daha yaxşı tanımağımıza, dərk etməyimizə və Uca Yaradanımıza həmd-səna etməyimizə xidmət etməlidir.

- Müxtəlif ənənəvi dini günlər, bayramlar, xüsusilə də Ramazanla bağlı müxtəlif məzhəblərdə fikir ayrılıqları var. Bizim ölkədə də bu baş verir. Azərbaycanda bunun baş verməməsi üçün nə etməliyik?

- Bu, əslində fikir ayrılığı ilə deyil, müsəlmanların istinad etdiyi Ay təqviminin özəlliyindən irəli gələn məsələdir. Belə ki, hicri-qəməri təqvimin Miladi təqvimindən qısa olması hər il bayramların 11 gün civarında fərqli məqamlara təsadüf etməsini şərtləndirir. Digər tərəfdən, müsəlman ayları yeni Ayın doğuluşu ilə əlaqədardır. Ayın görünməsi isə onun doğuluş anı ilə eyni məqamda olmur. Ramazana gəlincə, İslam Peyğəmbəri Mühəmməd Salavatullah hədisi-şərifində buyurur ki, Ramazan Ayını gözlə gördün, orucu tutmağa başla, yeni Ayı, yəni Şəvval ayının Ayını gördün Bayram et. Hər ölkənin yerləşdiyi coğrafi en dairəsinə uyğun olaraq Ayın görünməsi zamanları da fərqli olur. Beləliklə, astronomik, coğrafi məsələ kimi gündəmə gələn bu məsələni məzhəb fərqi ilə əlaqələndirməyə ehtiyac yoxdur. Azərbaycanda bu sahədə hər hansı problem yaşanmasın deyə, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Şamaxı rəsədxanası ilə əməkdaşlıq edərək Ramazan təqvimini hazırlayır. Bu təqvimdə Azərbaycan şəraitinə və dinimizin buyurduğuna uyğun göstəricilər əksini tapır. Bayramlara gəlincə, Qafqaz Müsəlmanları İdarəsinin təklif və tövsiyəsi ilə Azərbaycan hökuməti həm Qurban, həm də Ramazan bayramlarının 2 gün qeyd olunması barədə qərar qəbul etmişdir. Buna görə dindarlarımız dövlətimizə minnətdardırlar.

- Bu yaxınlarda Gürcüstan hökuməti oradakı məsciddən minarəni sökdürdü və səbəb kimi də Türkiyədən minarənin qanunsuz gətirilməsini göstərdi. Baxmayaraq ki, Türkiyə gömrüyü hər şeyin qaydasında olduğunu bildirdi. Buna münasibətiniz?

- Bu məsələ ilə bağlı bizim idarə və oradakı nümayəndəliyimiz mövqeyimizi artıq Gürcüstan rəsmilərinə, habelə daim səmərəli əməkdaşlıq etdiyimiz gürcü pravoslav kilsəsinin rəhbərliyinə çatdırmışıq. Bildiyiniz kimi, məsələnin müsbət həlli istiqamətində iş gedir. Vacib olan məsələ - müxtəlif dinlərin ardıcılları arasında hər hansı anlaşılmazlıq, inciklik yaranmasına heç bir şəkildə yol verməməkdir. Qalan məsələlər hüquqi müstəvidə həllini tapmalı olan texniki problemlərdir. Bu, ilk növbədə, Gürcüstan dövlətinin özünə lazımdır.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya, Ermənistan dini liderləriylə görüş nəzərdə tutulurmu? Dini liderlər münaqişənin həllində hansı rolu oynaya bilər?

- Münaqişə vəziyyətində olan dövlətlərin din xadimlərinin üzərinə hər zaman böyük məsuliyyət düşür. Biz Dağlıq Qarabağ münaqişəsinin başlandığı zamandan bu missiyamızı dərk edərək dəyirmi masa ətrafında bir araya gəldik. 1988-ci ildən, yəni münaqişənin ilk ilindən etibarən əvvəlcə Rostovda, sonra Moskvada, Montredə görüşlərimiz oldu. Bu görüşlərin - Montredən başqa - hamısı Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə baş tutub. Montre görüşünün əsas təşkilatçısı Ümumdünya Kilsələr Şurası olub. Bu görüşlərin əsas məramı etnik, ərazi münaqişəsinin heç bir vəchlə dini müstəviyə keçməsinə imkan verməmək idi. Görüşlər, əldə etdiyimiz razılaşmalar, imzaladığımız birgə sənədlər məhz bu mərama xidmət etdi və tarixi əhəmiyyət kəsb etdi.

Hal-hazırda dövlətimizin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllində israr etdiyi bir zamanda da biz öz səylərimizi bu istiqamətdə davam etdiririk. Biz qarşılıqlı şəkildə dini-mənəvi abidələrin qorunması, əsirlərin qaytarılması, snayperlərin təmas xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və digər məsələlər üzrə razılığa gələrək xalqlar arasında etimad mühitinin yaranması işinə xidmət edirik. Məhz bu məramla 2010-cu ildə Bakı sammiti çərçivəsində Moskva və bütün Rusiya patriarxı Kirilin vasitəçiliyi ilə erməni katolikosu II Qareginlə görüşümüz baş tutdu. Həmçinin, İrəvanda MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin toplantısı çərçivəsində daha bir görüşümüz oldu. Bütün bu danışıqlarda niyyətimiz münaqişənin sülh yolu ilə həllinə yardımçı olmaqdır. Əgər bu danışıqlar, görüşlər az da olsa bu prosesə müsbət təsir etmək iqtidarındadırsa, biz onu davam etdirməliyik. Qarabağ bizim tarixi, əzəli torpağımızdır və bu torpaqlar azad olunanadək səylərimizi davam etdirməliyik. Bu, bizim Uca Yaradanımız, vətənimiz, xalqımız qarşısında müqəddəs borcumuzdur.

- İşğal olunmuş ərazilərdəki mədəni, dini, tarixi abidələrin dağıdılması mövzusunda dəfələrlə etiraz bəyanatları ilə çıxış edirsiniz. Ermənilərin bu addımlarının birdəfəlik qarşısını almaq üçün hansı tədbirləri vacib sayırsınız?

- Bəli, bizim görüşlərimiz zamanı bu məsələ tərəfimdən dəfələrlə müzakirəyə çıxarılıb. Bilirsiniz, artıq baş vermişləri geri qaytarmaq mümkün deyil. Məqsədimiz belə halların təkrarlanmaması və ən əsası, işğala son qoyulduqdan sonra, inşallah, dövlətimiz tərəfindən bütün tarixi, dini, mədəni abidələrimizə yeni həyat bəxş olunmasıdır. Hər birgə bəyanatımızda bu məsələ xüsusi qeyd olunur, erməni tərəfindən bununla bağlı iradə nümayiş etdirmək tələb olunur. Və biz bütün beynəlxalq tədbirlərdə etdiyim çıxışlarda, ən yüksək xitabət kürsülərindən bu məsələni səsləndirir, dünya ictimaiyyətinin diqqətini bu kimi halların qarşısının alınmasına yönəldirik.

- Azərbaycanda fəaliyyət göstərən məscidlər arasında fəaliyyəti Sizi qane etməyənlər varmı? Belə hallarda hansı tədbirlər görülür?

- Söhbət məsciddən deyil, dini icmalardan, ayrı-ayrı din xadimlərindən gedə bilər. Əgər hər hansı din xadiminin dini fəaliyyəti bizi qane etməzsə, biz həmin din xadimini vəzifəsindən uzaqlaşdırırıq.

- Yas mərasimlərində israfçılığa yol verilməsini dəfələrlə tənqid etmisiniz. Bu tənqidlərdən nəticə çıxaranlar olurmu?

- Bununla bağlı QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının birgə müraciətini qəbul etmişik, mətbuat vasitəsilə yayıb, idarənin veb-saytında yerləşdirmişik. Bildirmişik ki, münasibət bildirmək istəyənlər elektron poçtumuza məktub göndərə, habelə saytdakı səsvermədə iştirak edərək bəyənib-bəyənmədiklərini bildirə bilərlər. Daxil olan məlumatlardan belə məlum olur ki, insanlar bu müraciəti dəstəkləyirlər. Müsbətə doğru meyllər var. Sadəcə, hamı bunu öz şəxsi təcrübəsində tətbiq etməyə başlamalıdır ki, kütləvi xarakter alsın.

- Həcc ziyarətinin baha olması barədə fikirlərə münasibətiniz necədir?

- Müqəddəs məkanlara ziyarət həmin məkanların yerləşdiyi ölkələrin tələbləri əsasında həyata keçirilir. Bu zaman qoyulan qiymətlər də müvafiq olaraq həmin ölkələr tərəfindən müəyyən edilir. QMİ Azərbaycan Həcc missiyasının təşkilatçısı olaraq Səudiyyə krallığının Həcc Nazirliyi il hər il imzaladığı protokollarda təyin olunmuş qiymətlər əsasında Həcc ziyarətini təşkil edir. Ümumən qiymətlərin ildən-ilə bahalaşması xeyli dərəcədə bütün dünyada baş verən iqtisadi məsələlər və nəqliyyat xərclərindəki bahalaşmalarla bağlıdır.

- Azərbaycanda radikal dini cərəyanlar mövcuddurmu? Radikal dinçilərin dövlət üçün hansı təhlükəsi ola bilər? Ümumiyyətlə, ərəb dövlətlərində son bir neçə ildə baş verənləri necə qiymətləndirirsiniz? Sizcə, bu, demokratik bir proses, yenilənmədir, yoxsa müsəlmanlara qarşı həyata keçirilən məqsədyönlü ssenaridir?

- Tarix göstərir ki, dini zəmində müharibələr ən qanlı savaşlar olub. Elə xristian dünyasının öz daxilində belə savaşlar az baş verməyib. Yəni, bu gün baş verənlər də yeni bir məsələ deyil. Bütün bu məsələlərin, toqquşmaların arxasında müəyyən dairələrin, güclərin siyasi, iqtisadi maraqları dayanır. Əlbəttə, əsas münaqişə ocaqlarının, müharibə meydanlarının müsəlmanlar yaşayan məkanları əhatə etməsindən belə bir nəticə hasil olur ki, İslam dünyasını qarışdırmaq, müsəlmanların kütləvi məhvi niyyəti üstünlük təşkil edir. Bu məqsədlə müsəlmanların özlərindən də istifadə olunur. Məzhəb fərqləri bilərəkdən qabardılır, qarşı-qarşıya qoyulmaq üçün sui-istifadə olunur. Baxın, İslam dini missionerlərsiz, öz dəyərlərinin ilahi qüdrəti, ideyalarının gücü sayəsində yayılır, özünə qeyri-müsəlmanlar tərəfindən ardıcıllar toplayır. Hər il müsəlmanlar Ramazan ayında, Həcc ziyarəti zamanında yüksək mütəşəkkillik nümayiş etdirir, ibadətlərini kütləvi şəkildə Allaha xatir həyata keçirirlər. Bu möhtəşəmlik, mütəşəkkillik bəzilərini narahat edir. Nifaq salmaq istəyən qüvvələr isə bütün dövrlərdə olub və olacaq.

Azərbaycanın sabitlik və istiqrarda yaşaması bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar burada qarışıqlıq yaratmaq üçün bəzən din adından sui-istifadə edirlər. Bu cür meyllər yox deyil. İqtisadi qüdrəti və mənəvi gücü, vətəndaş həmrəyliyi və vətəndaş-dövlət birliyi olan, dini dəyərlərinə sədaqət və ehtiramı nümayiş etdirən Azərbaycan cəmiyyətində belə təzahürlər heç bir problem yarada bilməyəcək, inşallah.

Ərəb ölkələrində baş verənlərə gəlincə, biz Misir hadisələri, eləcə də Suriya ətrafında baş verənlərlə bağlı bəyanatlarımızda öz fikrimizi birmənalı şəkildə bildirmişik. Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Heç bir siyasət dinc əhalinin qırğınına, nahaq qanların tökülməsinə, yaşayış yerlərinin, müqəddəs ibadətgahların dağıdılmasına bais olmamalıdır. Belə siyasi məsuliyyətsizlik bəşəriyyəti böyük qarşıdurmaya gətirib çıxarar, yeni qisas və faciələrin əsasını qoyar.

AzNews.az