Azad Rəhimov vətəndaşları qəbul etdi- FOTO

Gənclər və idman naziri Azad Rəhimov bu gün Gəncə şəhərində vətəndaşları qəbul edib.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Gəncə şəhərinin, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarının sakinləri iştirak ediblər.

Gəncə Dövlət Aqrar Universitetinin Baş binasında təşkil edilmiş qəbulda yuxarıda qeyd edilən şəhər və rayonlardan ümumilikdə 60-dan çox vətəndaş iştirak edib.

Qəbula gələn vətəndaşlar əsasən güzəştli ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda gənclər mərkəzinin tikintisi, stadionların təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mövcud zalların təmiri, idman avadanlıqları ilə təminat, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi üçün maddi yardım istəyi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılaraq vətəndaşların müraciərlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra gənclər və idman naziri Azad Rəhimov Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonları gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırqlar verib.

Daha sonra nazir Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimovun növbəti qəbulu sentyabrın 21-də Sumqayıt şəhərində keçiriləcək.

AzNews.az