İlham Əliyev: “Ermənilər hər zaman faşizmi seviblər"

Ötən gün Qubada səfərdə olan prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib.

İ. Əliyev mərasimdə çıxış edib. 1918-ci il soyqırımından danışan prezident deyib ki, həmin ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törədiblər: "Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair Sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlanmışdır. Bu gün biz memorial kompleksin açılışını edirik.

Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir.

Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılmışdır. Komissiya işə başlamışdır, ancaq 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra bu komissiya təbii ki, öz işini dayandırmışdır və komissiyanın fəaliyyəti natamam olmuşdur. Eyni zamanda, o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi".

İ. Əliyev deyib ki, ermənilər hər zaman faşizmi seviblər: "İkinci Dünya müharibəsi zamanı Hitlerin sərəncamında olan, ona qulluq edən erməni quldurları Ermənistanda qəhrəman kimi qəbul edilir, onların şərəfinə abidələr ucaldılır. Bu, onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur. Hesab edirəm ki, erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır. Şadam ki, son illərdə, o cümlədən mənim təşəbbüsümlə alimlərimiz İrəvan xanlığı, bizim tarixi torpaqlarımız haqqında kifayət qədər dolğun və məzmunlu əsərlər yaratmışlar. Biz bu tarixi gənc nəsillərə də çatdırırıq. Məsələn, İrəvanın Ermənistanın paytaxtı elan olunmasının tarixi hesab edirəm ki, bir çoxlarına bəlli deyildi. Biz bu məsələni qaldıranda, tarixi faktlar əsasında bu məsələyə diqqət yetirəndə, artıq bunu həm Azərbaycanda hər kəs bilir, dünyada da bilirlər ki, İrəvanın Ermənistan dövlətinin paytaxtı elan edilməsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmiş qərar əsasında olmuşdur. Ona görə, hesab edirəm ki, tarixi həqiqətləri əks etdirən böyük elmi əsərlər yaradılmalıdır. Onların bir hissəsi artıq yaradılıbdır. Ancaq hesab edirəm ki, bu məsələyə daha da ciddi diqqət verməliyik. Ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsi məsələləri hesab edirəm ki, Azərbaycan elmində kifayət qədər işıqlandırılmayıb. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanın ayrılmaz torpağı olan Dağlıq Qarabağa ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür. Onlar orada məskən salmışdır və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təxribatlarını başlamışlar. Yəni, bu tarixi paralel, ondan sonra Bakı soyqırımı, Quba soyqırımı İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməli və gözəl əsərlər yaradılmalıdır".

İ. Əliyev deyib ki, Azərbaycan torpaqları işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb, muzeylərimiz talan olunub, bütün şəhərlər yerlə-yeksan edilib: "Bu memorial kompleksdə Şamaxının görüntüləri əks olunub. Burada Şamaxı məscidinin - qədim müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidinin yarıdağılmış vəziyyətdə olan şəkilləri göstərilir. Biz bu ilin may ayında Şamaxı Cümə məscidini yenidən bərpa etdik, 743-cü ildə tikilmişdir. Bu məscid bu gün yenidən dindarların üzünə açılmışdır. Soyqırımı törədildi, bütün tarixi abidələr dağıdıldı. Bax, Şamaxının bu memorial kompleksdə əks olunan dağılmış vəziyyətdə olan şəkilləri bu gün yenə də təkrarlanır. Bu gün Ağdam, Füzuli, Şuşa belə vəziyyətdədir və bunu edənlər ermənilərdir. Bunu edənlər bu gün özlərini mədəni millət kimi təqdim etmək istəyirlər. Ancaq bunu edənin bir adı var – vəhşi! Başqa ad ola bilməz.

Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq təşkilatların qərarları kağızda qalır, ədalətsizlik davam edir. Belə olan halda əlbəttə ki, güclənən Azərbaycan dövləti yalnız öz gücünə güvənməlidir və öz gücünə güvənir. Necə ki, bu memorial kompleksin son ekspozisiyasında əks olunduğu kimi, 95 il bundan əvvəl Qafqaz İslam Ordusunun fəaliyyəti və yerli qüvvələrlə birlikdə aparılan döyüşlər nəticəsində Bakı ermənilərdən təmizləndi. Gün gələcək əgər beynəlxalq hüquq normaları bərpa olunmazsa və Ermənistan öz işğalçı siyasətini davam etdirərsə Ordumuz son sözünü deyəcəkdir. Bunu etmək üçün bu gün bizim gücümüz vardır".

AzNews.az