Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək prioritet məsələlərdən biridir.

AzNews.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə ünvanladığı təbrik müraciətində bildirib.

Müraciətdə bildirilir ki, təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur. Sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Bütün bunların təmin olunması məqsədi ilə son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı proqram və layihələr həyata keçirilir.

Müraciətdə daha sonra qeyd edilib ki, təhsil sisteminin qarşısında duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir. Bunun üçün də yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq prioritet məsələlərdən biridir: "Müəllimlər hər bir cəmiyyətin elitasıdır. XXI əsrdə bilik və bacarıqların önəmi daha da artacaq. Bu missiyada "öyrənməyi öyrətmək" vəzifəsi müəllimlərin üzərinə düşür. Deməli, cəmiyyətimizin bütün hədəflərinin gerçəkləşməsi, həm də müəllimlərimizin öz missiyasına necə əməl etməsindən asılı olacaq".

AzNews.az