Həbs olunan prokuror barədə ilginc məlumat - ÖZƏL

Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı Vüsal Müslümov həbs edilib.

O, bir neçə gün əvvəl baş prokuror Zakir Qaralovun əmri ilə işdən qovulub. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AzNews.az –ın əldə etdiyi məlumata görə, Baş prokurorun göstərişi ilə vəzifədən azad edilən və daha sonra həbs olunan prokuror Vüsal Müslümov 8 ay bundan əvvəl Zərdab rayonu Alıcanlı kəndində məktəbli qızın zorlanması və dünyaya uşaq gətirməsi ilə bağlı açılan cinayət işinin istintaqını aparan şəxsdir. Baş Prokurorluğun mətbuat xidmətini rəhbəri Eldar Sultanov məlumatı AzNews.az –a təsdiqləyib.

E.Sultanov bildirib ki, qeyd edilən cinayət işi üzrə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, obyektiv və hərtərəfli istintaq davam etdirilir.

Məlumat üçün bildirək ki, Zərdabın Alıcanlı kəndində məktəbli qızın zorlanaraq dünyaya uşaq gətirməsi faktını ilk dəfə AzNews.az ictimaiyyətin diqqətinə çatdırıb və mütəmadi olaraq istintaqın gedişi ilə bağlı məlumatlar yayıb.

Bahar Rüstəmli
AzNews.az