Ələt qəsəbəsi Bakıdan ayrılacaq

Hazırda Bakı şəhəri Qaradağ rayonunun inzibati vahidi sayılan Ələt qəsəbəsini yaxın gələcəkdə bir sıra dəyişikliklər gözləyir.

Belə ki, qəsəbə ilə bağlı planlara görə, Ələt paytaxtdan ayrılacaq və ayrıca inzibati vahid kimi formalaşacaq. Bunu "APA-Economics"ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, hazırda üzərində iş gedən Böyük Bakının Regional İnkişaf Planına əsasən, Ələt qəsəbəsini paytaxtın mərkəzindən onun tərkib hissəsi kimi idarə etmək düzgün deyil.

Qeyd edək ki, hazırda bu ərazidə yeni beynəlxalq ticarət limanı tikilir. Ələt Azərbaycanın yeni logistik, ticarət və neft-qaz mərkəzi olacaq. Qəsəbənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi ölkənin əsas nəqliyyat xətlərinin buradan keçməsinə imkan verir.

Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunub, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilib və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınıb.

Qəsəbə 1956-cı ilə qədər Hacıqabul rayonunun inzibati ərazi vahidliyinə daxil olub və həmin il Qaradağ rayonunun tərkibində keçirilib. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat-2 yaşayış məntəqələri daxildir.


AzNews.az