Əliağa Hüseynov: “Belə şəxslər ordunun qədrini biləcəklər”


"Hərbi xidmət keçməyənlərin dövlət orqanlarında, seçkili qurumlarda təmsil olunması ilə bağlı təklif müsbət dəyərləndirilməlidir. Qanunvericilikdə belə bir dəyişikliyin edilməsi təklifinə münasibətim müsbətdir".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisinin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib. O bildirib ki, heç bir ölkədə silahlı qüvvələrdə xidmət etməyən şəxs yüksək vəzifəyə təyin olunmur:

"Dünya təcrübəsində də belə hallara çox rast gəlinilir. Qanunda belə bir müddəanın olmasının əhəmiyyəti həm də ona görə lazımdır ki, ordu ilə bağlı məsələlər ortaya çıxdıqda, bu mərhələni keçə bilməyənlər vəziyyəti analiz edə bilsinlər.

Əks təqdirdə belə şəxslər çətinliklə qarşılaşacaqlar. İnsanın sağlamlığı yol verirsə, hərbi xidmətdə olmalıdır. Belə şəxslər sonrakı fəaliyyətlərində də ordunun qədrini biləcəklər".

Deputat istisna hallar haqda da danışıb: "Səhhət məsələsindən heç kim sığortalanmayıb. Sağlamlığındakı problem səbəbindən insanı yüksək vəzifədən məhrum etmək olmaz. Bəlkə həmin adam siyasi cəhətdən o qədər savadlı və lazımlı insandır ki, onun yüksək vəzifədə işləməsi çox əhəmiyyətlidir".

Ə. Hüseynov təklifin Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinə daxil olmadığını da qeyd edib:

"Əgər qanunda dəyişikliklərlə bağlı belə təkliflər komitəyə daxil olarsa, mükəmməl işlənərək, dövlətimizə, millətimizə xidmət edəcək qanun halına gətiriləcək. Ordumuzu gücləndirən qanunun araya-ərsəyə gəlməsinə kömək etmək hamımızı borcudur".

Qeyd edək ki, Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Yeni təkliflər bir sıra maraqlı məqamları özündə cəmləşdirir.

Digər hərbi qurumlarla razılaşdırma mərhələsində olan bu təkliflərdən ən maraqlısı isə hərbi xidmət keçməyən şəxslərin bələdiyyə və parlament kimi seçkili orqanlarda təmsil olunmasını qadağan edəcək. Qanunvericiliyə dəyişikliklər hərbi xidməti ölkədə populyarlaşdırmaqdır. Başqa bir dəyişiklik isə hərbi məktəblərə qəbulla bağlı olacaq.

AzNews.az