Azərbaycana qayıdışla bağlı Dövlət Proqramı hazırlansın- TƏKLİF


"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi son zamanlar Rusiya və Ukraynada baş verən hadisələrlə bağlı bəyanat yayaraq bir sıra təkliflərlə çıxış edib.

Bəyanatda bildirilir ki, Rusiya və Ukrayna kimi ölkələrdə etnik ayrı-seçkiliyin qızışdırılması, eyni zamanda ölkəmizdə mövcud iqtisadi inkişaf səbəbilə Azərbaycandadoğulmuş və "Azərbaycan Respiblikasının vətəndaşlığı haqqında" Qanun qəbul edilənədək (1998-ci ilin oktyabr ayının 7-nə qədər) ölkə hüdudlarını tərk etmiş şəxslərin ölkəyə qayıdışı xeyli sürətlənib.

Lakin göstərilən ölkələrdən Azərbaycana qayıtmaq istəyənlər və ya qayıdanlar bir sıra ciddi problemlərlə üzləşirlər: "Bu problemlərin əsasını həmin ölkələrin pasportu ilə təmin olunmuş, lakin rəsmi olaraq Azərbaycan vətəndaşlığından çıxmaq üçün müraciət etməmiş şəxslərin Azərbaycan Respublikasının vətəndaşları kimi sənədləşdirilməməsi təskil edir.

Onlar Azərbaycan Respiblikasının ərazisində əcnəbi kimi qeydiyyata alınırlar. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsi, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 1-ci və 10-cü maddəsi ilə tamamilə ziddir.

Belə ki, qeyd olunan normalar Azərbaycan Respublikasının ərazisində doğulan bütün şəxsləri Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır və eyni zamanda Azərbaycan Respublikası vətəndaşının başqa ölkənin vətəndaşlığına mənsubiyyətini tanımır.

Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı eyni zamanda başqa ölkənin vətəndaşı olsa belə ölkə ərazisində o, Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmalı, yaşayış yeri üzrə qeydiyyata alınmaqla, şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməlidir".

AMM belə hesab edir ki, Azərbaycan Respublikası ilə hüquqi və siyasi bağlılığı olmuş, ayrı-ayrı ölkələrdə yaşayan şəxslərin Azərbaycana qayıdışı, onların şəxsiyyəti təsdiqləyən sənədlə təmin olunması üçün "Azərbaycan Respublikasına Qayıdışla bağlı" Dövlət Proqramı işlənib hazırlanmalıdır:

"Dövlət Proqramında xidmətlər, ödənişlər və onların növləri, yol sənədləri ilə təmin olunma, ölkəyə qayıdan şəxslərin təhsil proqramlarına cəlbi, bu cür şəxslərə sistemli yanaşmanın təmini əksini tapmalıdır.

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinə daxil olan müraciətlərdən görünür ki, eyni problemli şəxslərə yanaşma müxtəlifdir. Bu da insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanı tərk edən və ayrı-ayrı ölkələrdə şəxsiyyətini təsdiq edən sənədlə təmin edilən, lakin Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün rəsmi müraciət etməyən, Azərbaycan Respublikasının vətəndaşlarından ayrı-ayrı ölkələrdə doğulan və müvafiq sənədlərlə təmin olunan şəxslərin Azərbaycana qayıdışı ilə bağlı yaranan münasibətləri tənzimləyən, onların sosial, iqtisadi və hüquqi problemlərinin həlli qaydalarını müəyyən edən Dövlət Proqramı hazırlanmalıdır".

Elnur
AzNews.az