“O, Azərbaycan tarixində mühüm şəxslərdən biridir” “O, Azərbaycan tarixində mühüm şəxslərdən biridir”

YAP-dan Rəsulzadə açıqlaması

“O, Azərbaycan tarixində mühüm şəxslərdən biridir”




"Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, lakin müəyyən tarixi iz qoyub gedibdir. Tarixi keçmişimizə böyük hörmət, tarixi keçmişimizdən ibrət dərsi almaq, onu gənc nəsillərə çatdırmaq Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə çox əhəmiyyətli yer tutub".

Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı xatırladıb ki, H. Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin baniləri ilə bağlı dəyərli fikirlər bildirib və bununla əlaqədar mühüm qərarlar qəbul edib.

Onun sözlərinə görə, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyli və digərləri barədə Heydər Əliyev dəfələrlə çıxışlarında onların fəaliyyətini təqdir edən fikirlər söyləyib.

"Xalq Cümhuriyyətinin 80 illik yubileyi Ulu öndərin zamanında Milli Məclisdə təntənəli şəkildə qeyd olunub. Eyni zamanda, Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi ilə əlaqədar sərəncamlar imzalayıb, bu yöndə tapşırıqlar verib. Yəni, bizim tarixi keçmişimizə olan münasibətimiz dəyişməz qalır. Prezidentimiz cənab İlham Əliyev də tariximizə, tarixi ənənələrimizə, milli adət-ənənələrimizə, tarixi keçmişimizə, tarixi şəxsiyyətlərimizə çox böyük diqqətlə yanaşır və onun verdiyi sərəncamlarda bu həmişə özünü göstərir.

Prezident İlham Əliyev Xalq Cümhuriyətinin qurucularının tariximizdə yerini, onların adının əbədiləşdirilməsini öndə tutan qərarlar verib".

M.Qurbanlı qeyd edib ki, prezidentin M.Ə.Rəsulzadənin 130 illik yubileyi haqqında imzaladığı Sərəncam tarixi keçmişimizə və cümhuriyyət tariximizə, həmin dövlətin qurucularına olan hörmət, izzət və ehtiramdan irəli gəlir. M.Ə.Rəsulzadə 1918-ci ildə müvəqqəti fəaliyyət göstərmiş Milli Şuranın sədri kimi o dövrdə Xalq Cümhuriyyətinin qurucuları sırasında çox önəmli yerlərdən birini tutur.

"M.Ə.Rəsulzadə cümhuriyyət dövründə olan hökumətdə müəyyən vəzifə tutmasa da, parlament fəaliyyətində, eyni zamanda cümhuriyyətin süqutundan sonra mühacirət həyatında Azərbaycan tarixinin, milli ideyaların yaşadılmasında mühüm fəaliyyəti olan şəxslərdən biridir. Yalnız M.Ə.Rəsulzadə deyil, həmçinin cümhuriyyətin digər liderləri də həmin dövlətin qurulmasında əhəmiyyətli rol oynayıb. Onların hər birinin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Prezidentimizin sərəncamı da həmin tarixi xidmətlərə verilən qiymətdir.

Bu sərəncamla əlaqədar radikal müxalifətin mətbuatında bəzi yazılara gəlincə, bunlar əsassızdır. Hesab edirəm ki, bu adamlar Ulu öndər Heydər Əliyevin cümhuriyyət tariximizə verdiyi qiyməti bir daha göz önünə gətirib, Prezident İlham Əliyevin də bu işləri ardıcıl həyata keçirdiyini görməlidirlər. Lakin nə yazıqlar ki, müxalifətin radikal qanadı və onun mətbuatı dedi-qodu yazılarla bu sərəncam haqda yanlış fikirlər səsləndirir.

Prezidentimizin də, partiyamızın da siyasi xəttində tarixi keçmişimizə dərin hörmət və ehtiram olub və bundan sonra da olacaq. Ona görə də, hesab edirəm ki, bu sərəncam və bundan sonra digər cümhuriyyət qurucuları ilə bağlı veriləcək sərəncamlar tariximizə olan böyük hörmət və ehtiramın ifadəsidir".

AzNews.az