Mübariz Qurbanlı: “Rəsulzadənin məzarı Azərbaycana gətirilməlidir”

"Onlar üçün Bakıda xatirə kompleksi qurulmalıdır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə mediaya açıqlamasında babasının məzarının Bakıya gətirilməsini arzuladığını bildirib.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Rəis Rəsulzadənin bu istəyinə münasibət bildirib.

M.Qurbanlı virtualaz.org-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının quruculuğunda rolu olan Rəsulzadənin məzarı Azərbaycana gətirilməlidir.

YAP-çı deputat qeyd edib ki, təkcə Rəzulzadənin deyil, respublikamızın quruculuğunda rolu olmuş Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyskinin də məzarları Azərbaycana gətirilməlidir və onlar üçün Bakıda xatirə kompleksi qurulmalıdır.

M.Qurbanlı sonda onu da vurğulayıb ki, təbii, bu onun şəxsi fikirləridir və son sözü Azərbaycan dövləti deyəcək.

AzNews.az