Bankların kağız “sevgisi“: Təqaüdçülər elektron xidməti hələ çox gözləyəcək- Araşdırma

Ölkəmizdə elektron xidmətə keçid başlayandan ötən 10 il ərzində bəzi sahələrdə xidmətin keyfiyyəti artıb, şəffaflıq təmin olunub.

ASAN Xidmət mərkəzlərinin istifadəyə verilməsi, "elektron hökumət" portalında təklif olunan elektron xidmətlərin sayının artması vətəndaşlardan daxil olan şikayətlərin azalması ilə nəticələnib.

Elektron xidmətə keçməyən, keçə bilməyən və bundan qorxan qurumlar üçün isə eyni şeyi demək mümkün deyil.

Kartın müddəti bitəndə...


Vətəndaşlara gəlincə... Onlar elektron xidmətlərdən yararlanmaqda maraqlıdırlar. Məsələn, Səfər Məmmədov Tovuz rayonunda anadan olsa da, artıq uzun müddətdir ki, Bakıda yaşayır. Deyir, pensiyaya rayonda çıxıb və ona kartı da elə orada veriblər: "Artıq uzun müddətdir ki, Bakıda yaşayıram. Hər dəfə kartın müddəti bitəndə 2 dəfə rayona gedib-gəlməli oluram".

Vətəndaş bunu da elektronlaşdırmağın bir yolu olub-olmadığı ilə maraqlanır. Təqaüdçülərin aztəminatlı ailələr kateqoriyasına aid olduğunu nəzərə alsaq, onların bu narahatlığı başadüşüləndir.

Əslində, kartların online sifarişinə tələbat yalnız təqaüdçülər üçün deyil, həm də dövlət qulluqçuları, müəllimlər, həkimlər üçün də keçərlidir. Elə isə, çox böyük işçi kütləsini əhatə edən bu xidmət niyə elektronlaşmır?

Pensiyaçıların kartı


Məsələn, Dövlət Sosial Müdafiə Fondunun 21 elektron xidməti siyahısında pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu olsa da, sözü gedən xidmət yoxdur.

Bəs, pensiya kartının sifarişi və ya dəyişdirilməsi niyə elektron qaydada gerçəkləşdirilmir?

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev AzNews.az-a açıqlamasında deyib ki, pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə plastik kartların pensiyaçılara çatdırılmasını bank filialları reallaşdırır".

Bank: Bu, indi mümkün deyil


"KapitalBank"ın mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, elektron kart sifarişi gələcəkdə mümkün olsa da, indiki mərhələdə reallaşdırmaq mümkün deyil:

"İki cür kart var: debet və kredit kartları. Maaş və pensiya kartları debet kartlara aiddir. Bu kartları banka maaş ve pensiyanı verən orqan sifariş etməlidir. Kredit kartlarını isə vətəndaşlar özləri sifariş etdiklərindən bunun üçün "Kapital Bank"ın internet səhifəsindən elektron müraciət mümkündür".

Sosial sığorta kartlarının onlayn sifarişi mümkündür


Məlumat Hesablama Mərkəzinin direktor müşaviri Vüqar Abdullayev AzNews.az-a açıqlamasında bildirib ki, bankların bu xidməti elektronlaşdırmasına mane olan problemlər var:

"Belə ki, onlayn ödəniş xidmətini göstərən operatorlar tərəfindən bizə onlayn hesabların açılması məsələsi ilə bağlı müraciətlər daxil olub. Bu müraciətlər əsasında Mərkəzi Bankla müzakirələr aparılıb və müvafiq təkliflər verilib. Bizə cavab olaraq Mərkəzi Bankdan bildirildi ki, "Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə haqqında" qanunun 9-cu maddəsinə əsasən, ilkin bank hesablarının açılması zamanı şəxsin əyani identikləşdirilməsi mütləqdir və ümumiyyətlə bankda ilk hesabın onlayn açılması beynəlxalq təcrübədə istifadə olunmur.

Lakin bunu da qeyd etdilər ki, eyni bankda ikinci və digər hesabların açılması onlayn şəkildə mümkündür. O ki qaldı sosial sığorta kartlarının onlayn sifarişi məsələsinə, bunun üçün DSMF tərəfindən elektron xidmət yaradıla bilər".

Bəs, banklar, xüsusən, "Kapital Bank" "Elektron Hökumət" portalına öz xidmətlərini inteqrasiya etmək üçün müraciət edibmi?

V.Abdullayevin sözlərinə görə, bir sıra banklar və banklarla işləyən şirkətlər portala inteqrasiyada maraqlıdırlar: "Lakin "Kapital Bank"dan bununla bağlı rəsmi müraciət daxil olmayıb".

Müşavir onu da vurğulayıb ki, banklar tərəfindən göstərilən xidmətlərin elektronlaşmasında əsas məsələlərdən biri də şəxsin identikləşdirilməsidir ki, (müəyyənləşdirilməsi), bu da artıq mümkündür:

"Ölkəmizdə fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzi (e-imza) və Asan imza mərkəzi bu tələbləri tam ödəyirlər. Bunun üçün banklar onlara məxsus elektron xidmətlərdə elektron imza sertifikatlarını tətbiq etməlidirlər. Yəni xidmətin keyfiyyətinin artırılması üçün əlavə əmək və vəsait tələb olunur ki, bu da bir qədər zaman tələb edir".

Elektron, yoxsa kağız?


"Azərbaycanda "elektron hökumət" quruculuğu sahəsində ən böyük problem dövlət qurumları arasında informasiya bazalarının inteqrasiyasıdır".

Bunu ekspert Osman Gündüz AzNews.az-a açıqlamasında deyib: "Hərə öz bazasını yaradır, heç biri də biri-birindən istifadə edə bilmir.

Qanunlara görə, elektron bazada olan hər hansı məlumatı vətəndaşdan tələb etmək qadağan olunub. Əgər həmin məlumat vətəndaşdan tələb olunacaqsa, bu "elektron hökumət" deyil, "kağız hökumət" olar".

O.Gündüzün fikrincə, hər hansı quruma çevik effektli mexanizm həyata keçirməyə mane olan qanun varsa, həmin qanun ləğv olunmalıdır:

"Müvafiq qurumlar – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qanunvericiliyi analiz etməli, elektron xidmətlərin tətbiqinə mane olan qanun maddələrinin ləğvi ilə bağlı məsələ qaldırmalıdır".

Ruhiyyə
AzNews.az