İşdən çıxarılan mühasib İTV-dəki yoxlamalardan danışdı

Xəbər verdiyimiz kimi, dünən İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) Maliyyə Departamentinin direktor müavini Hamlet Mollayev də postu ilə vidalaşıb.

İşdən uzaqlaşdırılmasının səbəbləri ilə bağlı AzNews.az-ın suallarını cavablandıran H. Mollayev deyib ki, bu qərarı İTV rəhbərliyi verib. Şirkətdə vergi yoxlamalarının davam etməsinə baxmayaraq, vəzifəsindən kənarlaşdırılmasına da münasibət bildirən mühasib bu addımın düzgün olmadığını söyləyib: "İşdən çıxdım, qurtardı. Artıq məsuliyyət daşımıram".

Bəs, mühasibi vergi yoxlamalarının nəticəsindən asılı olaraq, işində hər hansı nöqsana yol verməkdə ittiham olunma ehtimalı narahat etmir ki?

H.Mollayev hesab edir ki, onunla bağlı qərar məhz yoxlama bitdikdən sonra verilməli idi. Buna baxmayaraq, o, əmindir ki, heç bir nöqsan çıxmayacaq: "Vergi yoxlamaları bitməli, sonra mənimlə bağlı qərar verilməli idi. Problem olarsa, cavab verməyə hazıram. Lakin heç bir problem çıxmayacağını bilirəm. Sadəcə, yoxlamalar üçün sənədlər təqdim olunmalıdır. Mən olmadıqdan sonra həmin sənədləri kim təqdim edəcək? Bu barədə rəhbərliyi xəbərdar etdim. Şifahi söhbətimiz oldu. Lakin son qərar belə oldu ki, mən işi təhvil verim".

Təhvil-təslim işlərinin davam etdiyini deyən H.Mollayev planlarından da danışıb: "Mən mühasibəm. Özü də mühasiblər arasında hörməti olanlardanam. Mən özümə iş tapacam. İndi müasir tələblərə cavab verən mühasib tapmaq çətindir. Bu səbəbdən də, mən işsiz qalmayacam".

Xatırladaq ki, bir müddət əvvəl sözügedən departamentin direktoru Şəfəq Nəcəfova və departamentin daha 5 əməkdaşı işdən çıxarılmıştı. Onların yerinə AzTV-nin əməkdaşları təyinat almışdı.

Ruhiyyə
AzNews.az