“Gənclərin İnkişaf Akademiyası” təşkil olundu


Gənclər üçün Təhsil Mərkəzi Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi "Gənclərin İnkişaf Akademiyası" layihəsi çərçivəsində Mingəçevirdə növbəti tədbirlər keçirilir.

Layihə rəhbəri Qızılgül Teyyubovanın AzNews.az-a verdiyi məlumata görə, tədbirlərin keçirilməsində məqsəd müxtəlif şəhər və rayonlardan olan gənclərin ictimai və digər sahələrdə inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdən ibarətdir.

Mingəçevir şəhərində həyata keçirilən tədbirlər, bir neçə mərhələdə icra olunacaq. İlkin mərhələdə "Gənclərin İnkişaf Akademiyası" yaradılacaq, onun strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcək. İkinci mərhələdə isə yaradılmış Akademiya vasitəsilə gənclərin inkişafına yönələn müvafiq işlərin aparılması nəzərdə tutulub.

Artıq layihə çərçivəsində nəzərdə tutulan bir neçə regionda sözügedən tədbirlər başa çatıb. Hazırda həmin regionlarla yanaşı, Mingəçevir şəhərində də gənclərin iştirakı ilə sosial aksiyalar, tədbirlər, müsabiqə və yarışlar, mədəni və idman tədbirləri təşkil olunur.

Bunlarla yanaşı, həftə sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri keçirilir.

Akademiya Mərkəzin Mingəçevir Regional Ofisində fəaliyyət göstərəcək.

AzNews.az