Sabah 11 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi ərazilərində gündüz saatlarında havanın temperaturu 11 dərəcəyə yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, fevralın 11-də Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən yağmursuz olacaq. Yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında fevralın 11-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, bəzi şərq rayonlarında havanın çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

AzNews.az