Prokurorluqdan Xalid Kazımlı ilə bağlı AÇIQLAMA

Musavat.com saytının baş redaktoruna xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər prokurorluğunda aparılmış araşdırma ilə "Musavat.com" saytında "Günün fotosu: harın oğulun qəzası" başlıqlı məqalədə fevralın 17-də Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı "Mersedes Benz G55 AMG" markalı "90-DD-065" dövlət qeydiyyat nişanlı avtomobilin guya Bakının rayonlarından birinin prokurorunun oğluna məxsus olması barədə informasiyalar təsdiqini tapmayıb və müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərdən hər hansı birinin sürücüsü nə prokurorluq əməkdaşıdır, nə də ki, onların ailə üzvləri və yaxın qohumlarıdır.

Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Xalid Kazımlı Bakı şəhər prokurorluğuna dəvət edilərək "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla rəsmi mənbəyə istinad edilmədən və heç bir real faktlara əsaslanmadan qəsdən və ya bilərəkdən sensasiya naminə yaydıqları informasiyaların prokurorluq orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin üzərinə kölgə salmaq, prokurorluq orqanları əməkdaşları barəsində mənfi ictimai rəy formalaşdırmaqla onların işgüzar və şəxsi nüfuzuna xələl gətirmək məqsədi daşıması nəzərinə çatdırılıb.

Eyni zamanda X.Kazımlıya qeyd edilən qanunun tələblərinə əsasən yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməsi, həmçinin kütləvi informasiya vasitəsinin rəhbərinin yayımlanan məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilib və dərc etdikləri həqiqətə uyğun olmayan informasiya barədə təkzib verilməsi tələb olunub.

AzNews.az