53 dövlət parlamenti Xocalı soyqırımı ilə bağlı həmrəy oldu

18-19 fevral tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 9-cu Sessiyası keçirilib.


Sessiyada iştirak edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Beynəlxalq katibliyinin rəhbəri Elmeddin Mehdiyevin verdiyi məlumata görə öz işini bu gün yekunlaşdıran bu beynəlxalq görüşdə 53 üzv dövlətin parlament nümayəndələri iştirak edirlər və bir çoxuna parlament spikerləri rəhbərlik edir. Sessiyada "İƏT Parlamentlər İttifaqı ilə İKGF arasında əməkdaşlıq" adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi "soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət" kimi qiymətləndirilib.

İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində irəli sürülən bu qətnamə layihəsi İttifaqın iş proseduruna uyğun olaraq Azərbaycan Milli Məclisi tərəfindən dəstəklənmiş və Konfrans katibliyinə təqdim edilib.

Konfransın birinci günündə çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov İKGF tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasının əhəmiyyətini vurğulamış və üzv dövlətləri kampaniyanın fəaliyyətinə dəstək verməyə, həmçinin irəli sürülən qətnaməni dəstəkləməklə Xocalı soyqırımının tanınması kimi mühüm məsələdə həmrəylik nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, baş qərargahı Tehranda yerleşən İƏT Parlamentlər İttifaqı 53 dövlətin parlamentini öz sıralarında birləşdirir. 20 beynelxalq təşkilat, o cümlədən İKGF təşkilatda müşahidəçi statusuna malikdir.

AzNews.az