Hacı Allahşükür Paşazadə: “Bilirdim ki, məni öldürə bilərlər...“

Avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 63 yaşı tamam olur. Bu münasibətlə Ans press-in müxbiri, Hacı Allahşükür Paşazadə ilə görüşərək ondan eksklüziv müsahibə götürüb. Müsahibəni təqdim edirik:

-Hörmətli Şeyx, bizi qəbul etdiyinizə görə çox sağ olun. Ad günü münasibətilə sizi təbrik edirik.

-Çox sağ olun.

-Ömrünüzün 63-cü ilinə qədəm qoyursunuz. Amma biz 22 il əvvələ, 20 Yanvar hadisələrinə qayıtmaq istərdik. Ona görə ki, sovet qoşunları Azərbaycana girəndə xalqın arxasında dayanan yeganə adam siz idiniz. Azərbaycanın çox ümidsiz vəziyyətdə olduğu ağır günlərdə məhz siz Mixail Qorbaçova məktub yazdız. Bu gücü haradan almışdız?

-Bismillahir Rəhmanir Rəhim. Hər hansı bir nailiyyətə çatmaq üçün, bir məsələni həll etmək üçün əvvəlcədən həyati təsirlər olur. 1990-cı il 20 yanvarda baş verən hadisələrdə M. Qorbaçova yazdığım etiraz dolu məktub-müraciətin ərsəyə gəlməsində əlbəttə ki, mənə təsir edən müəyyən qüvvələr, amillər var idi. Bu təsirlər təkcə 20 yanvarda olmamışdı, sözsüz, onun təsiri çox böyük oldu. Çünki şəhid olanlar, yaralılar hamısı buraya – Təzə Pirə gətirilirdi. Meyidlər burada yuyulub, kəfənlənirdilər. Onların bədənlərindən çıxan güllələr, qanlı paltarlar, tırtıllar altında qalmış uşaqlarımızın ayrı-ayrı bədən hissələri, anaların ahu-naləsi, ağlaşması, insanların nifrəti... Çox dəhşətli gecə idi... Bunu təsəvvür etmək çox çətindi. Meyidlərin ardı-arası kəsilmir, kəfən-tabut çatışmır... Camaat evlərindən taxta-mismar, kəfənlik ağ parçalar gətirirdilər. Çünki imkan yox idi. Meyit 5 olar, 10 olar, daha 150 meyidi bir gündə yuyub-kəfənləməyə hazır deyildik. Həmin gecə öz əcəli ilə vəfat edənlər də az deyildi. Bunlar hamısı insana təsir etməyə bilməz. Fəqət, deməzdim ki, təsir təkcə bunlar idi. Mən axı həm də sovet dövrünün, kommunist rejiminin dini lideri olmuşam. O zamanlar mənim kimi Şeyxülislamların başına az oyunlar gətirmirdilər, bizi çox incidirdilər. M. Qorbaçova etiraz məktubunu yazmaqda 70 il boyunca Sibirdə sürgün edilmiş möminlərimizin acı taleyinin də təsiri az olmadı. Rəhmətlik atam danışırdı ki, o dövrdə kimsə rəhmətə gedəndə meyit namazını qılmağa molla tapmırdılar. Sovetlər zamanı hökm sürən Allahsızlıq dövründə həm məscidlər yıxıldı, həm də insanların mənəviyyatını məhv etdilər. Və gəlib 20 Yanvar hadisələrinə çatanda isə, mən adi vətəndaşlardan daha çox təlatümə gəldim. Çünki mənim kimi dini liderlərin məhvi 70 ildir davam edirdi. Amma özünü sülhsevər dövlət kimi tanıtdıran Sovetlər birliyinin xalqı açıq-aşkar öz tankının altına atması, öz vətəndaşına güllə atması şəxsən mənə və mənim yanımdakılara öz təsirini göstərməyə bilməzdi. O vaxt mənim də içimdə elə bil təlatüm yaranmışdı ki, səsimi çıxarmaya bilməzdim, susa bilməzdim. Sözlərimi deməyə bir hədəf var idi, o da Sovet dövlətinin, kommunist rejiminin başında dayanan Mixail Qorbaçov idi və mən o məktubu yazdım.

-O dövrdə SSRİ hələ dağılmamışdı və KQB-nin gücü yetərincə idi. Qorxmadınız?

-Bilirdim ki, məni öldürəcəklər və bundan heç qorxmurdum. Hər şeyi göz önünə almışdım. O vaxta kimi dini liderin dövlət rəhbərinə, həm də SSRİ kimi dövlətin rəhbərinə belə müraciəti hələ olmamışdı.
Biz dindarlar o dövrdə dövlətin ikinci dərəcəli vətəndaşları sayıldığımızdan mənim reaksiyam onlar üçün gözlənilməz oldu. Onlar siyasətə əl atdılar və 20 yanvarda baş verənləri İslam inqilabı kimi qələmə vermək üçün taktika işlətmək istədilər. Hətta SSRİ-nin rəhbərlərindən biri olan Yevgeni Primakov mənə dövləti idarə etməyi öz əlimə götürməyi təklif etdi. Məqsədləri məni tora salmaq, öz törətdiklərinə dini çevriliş donu geyindirmək idi. Biz bunu başa düşdük və mənım onlara cavabım belə oldu: "Mən din adamıyam, dövlət adamı deyiləm. Mənim 2 rükət namazım sənin verdiyin dövlətdən daha artıqdı".
Bu hadisələrdən sonra öz ailəmə vəsiyyətimi də etmişdim. Elə olurdu ki, uşaqlarıma deyirdim ki, darıxmayın, atanız qəhrəman kimi öləcək, mənimlə qürur duya bilərsiz. Uşaqlarım da gözləri yaşlı mənə baxırdılar və hər şeylə razılaşırdılar. Demək istəyirəm ki, ailəliklə hər şeyə hazır idik.
Hətta o dövrdə qəzetlərin birində şəhidlərin şəkillərini dərc eləmişdilər, mənim şəklim onların arasında var idi. Yəni bu o demək idi ki, gec-tez mən də şəhid olmalıyam.

-Bəs necə oldu ki, sizi sağ buraxdılar?

-Xalqdan qorxdular! Mən xalqın arxasında dayandığım kimi, artıq xalq da mənim arxamda dayanmışdı. Şəhidlərimizin dəfnində 1 milyona yaxın insan iştirak elədi. Dövlət yox idi, Əbdürrəhman Vəzirov da, Ayaz Mütəllibov da xalqı qoyub qaçmışdılar. Bayaq siz dediyiniz kimi, xalqın yeganə ümid yeri mən idim və xalq mənim ətrafımda toplaşmışdı. Allaha şükür ki, xalqdan çəkindilər və mənə toxunmadılar. Sonralar yavaş-yavaş hər şey öz məcrasına düşdü.

-Biz 20 yanvar hadisələrindən təsadüfən söz açmadıq. 20-25 yaş arası gənclərin çoxu o vaxt baş verənlərdən xəbərsizdir. Çoxları xəbərsizdir ki, o vaxt Azərbaycanın siyasət və dövlət rəhbərləri qaçdığı məqamda xalq məhz sizin ətrafınızda toplaşmışdı. 20 yanvar hadisələrinin və sonrakı proseslərin tam içində olan yeganə insansınız ki, hər şeydən xəbəriniz var. O qara tarix sizin yaddaşınızdadı...

-Əslində məktəblərdə tarix kimi keçilir, hər il qara 20 yanvar günü yada salınır. O dövrdə Azərbaycan xalqının təfəkküründə bir dönüş yarandı. Çox ağır dövr idi. Təzə Pir Məscidi xalqın müraciət edə biləcəyi yeganə yer idi. Heç bir rəsmi idarə, heç bir qürum işləmirdi.
Telefonlarımız belə işləmirdi, informasiya blokadasında idik. O vaxt "Vətən" Cəmiyyətinin sədri Elçin müəllimin (Elçin Əfəndiyev nəzərdə tutulur-red.) vasitəsilə, gizli formada xariclə əlaqə saxlaya bilirdik.

Moskvadan, ümumiyyətlə hər yerdən çoxlu KQB işçiləri gəlmişdi Bakıya. Çoxlu materialları, mənim çıxışlarımı yoxa çıxartdılar o vaxt. SSRİ-nin daxili işlər naziri Vadim Vakatinin mənə üzrxahlıq məktubu vardı, onu da apardılar. Mən onu çox pis şəkildə təhqir etmişdim. "Yazova, sən mənim xalqımı, millətimi pis günə qoymusan, üzr istəməlisən" deyə tələb elədim. O an üzr istəməsə də, sonradan məktub vasitəsilə üzr istədi. Həmin o məktub, Heydər Əliyevin mənə ünvanladığı başsağlığı məktubu və bir çox başqa sənədlər oğurlandı. Xalqdan çox şey gizlədildi. Çünki çox faktların üstü açılmadı, çox sübutlar məhv edildi. Qadağan olunmuş güllələri, avtobusda güllədən ölmüş uşaqların, şəhidlərin qanlı paltarları, əşyaları, güllədən deşilmiş pasportlar və saiə, hamısını guya insintaq dövründə predmeti kimi apardılar və bir də qaytarmadılar. Çoxusunu elə özümüzünkilər elədilər... Mənim özümün bacımın qaynını qapısının ağzında güllələdilər. Cavan oğlan idi, nə xalq cəbhəsində idi, nə də başqa tərəfdə. Adi bir insan idi. Bizdə adətdir ki, anasının gözü görməsin deyə paltarını da yanında dəfn eləyirlər. Bizi məcbur elədilər ki, qəbri qazaq, o qanlı paltarı çıxarıb istintaqa təhvil verək. Dəlil-sübut qalmamaq üçün o paltarı da apardılar, qaytarmadılar. (Söhbətimiz bu əsnasında şeyxin boğazı quruyur, öskürək boğur. Oruc olduğundan su içə bilmir və bir müddət şeyxin halının düzəlməsini gözləyirəm.)

O dövrləri xatırladıqca istər-istəməz adama təsir eləyir. O dəhşətlər gözümün qabağında baş verib.

-Xalq daha nələrdən xəbərsizdir?

-Xalq bilmir ki, 20 yanvar hadisələrindən sonra, hələ SSRİ dağılmamışdı, Naxçıvanda müstəqilliyimizi elan elədik və bizi tanımaları üçün bəzi dövlətlərdən xahiş elədik. Mən Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə, İrana və çox yerlərə getdim. O ərəfələrdə Seneqalın paytaxtı Dakarda İslam Konfransı keçirilirdi və orada 47 dövlət rəhbəri iştirak edirdi. Suriya ilə Əlcəzair məni qəbul etmədi, onlar SSRİ-nin əleyhinə getməkdən çəkindilər. Qalanların hamısı ilə təklikdə görüş keçirdim. 45 dövlət Azərbaycanı tanımış oldu. Əslində Azərbaycan hələ tam müstəqil deyildi. Azərbaycanın dövlət olaraq İslam Konfransına qəbul olunması birbaşa mənim xidmətimdi. SSRİ-nin tərkibində olan respublikalardan İslam Konfransına üzv olan ilk ölkə biz olduq.

-SSRİ-nin dağılması ilə möminlər rahat nəfəs aldılar, hər kəs qorxmadan Allahını tanıdı...

-70 il ərzində xalqımızın haqqı çox itirildi, çox haqsızsıqlarla üzləşdi. 1917-ci ildə Azərbaycanda 1500-dən çox məscid olub, 1990-cı ildə isə 18 məscid qalmışdı. Məscidlər ya dağıdılmışdı, ya da başqa təyinatlarda istifadə olunurdu. 90-cı ildən bu yana isə 2000-ə yaxın məscidin fəaliyyətinə nail olmuşuq. Görün nə qədər fərq var. Bu millətin mənəviyyatının, dininin inkişafı deməkdir. Dini universitetin, dini fakultələrin açılması, insanların ziyarətə getmələri, bunlar hamısı inkişaf deyilmi? Sovet dövründə 1-2 adam Həcc ziyarətinə getmişdisə, bu gün hər dəfə 3-5 min adam gedir. Bütün bunlar qurban getmiş şəhidlərimizin hesabınadır. Biz onları unutmamalıyıq.
Bunları qiymətləndirməmək, görməmək o deməkdir ki, bu insanlar sadəcə Azərbaycanın uğurlarını, inkişafını görmək istəmirlər. Bu insanlar hansısa siyasi ambisiyanın qurbanlarıdır. Onların arxasında istər xarici, istər daxili qüvvələr dayanır. Belə qüvvələr bu gün də var. Azərbaycanda elə insanlar var idi ki, nəinki Qorbaçovla, ermənilərlə əməkdaşlıq edirdilər. O qüvvələr hakimiyyəti ələ keçirmək üçün Heydər Əliyevi politbürodan uzaqlaşdırdılar və onunla da torpaqlarımızın 20 %-i əldən getdi.

-Azərbaycanda iğtişaşlar yaratmağa cəhd edən hansısa dini qüvvələr mövcuddur?

-Burada dini qarşıdurma yaratmaq istəyənlər də bunu din üçün etmirlər. Azərbaycanda hər hansı iğtişaşı yaratmaq istəyən Ermənistanın dəyirmanına su tökür. Bu da ən böyük dərdimiz olan Qarabağ probleminin həllinin ləngiməsinə gətirib çıxarır.

-Ümumiyyətlə, radikal islamçılara münasibətiniz necədir? Tatarıstanda baş verənlərdən sonra radikal islamçılara qarşı hansı addımları atmağı düşünürsüz?

-Tatarıstanda necə baş verib bilmirəm, amma bizdə bu cür hadisələrin törədilməsi mümkün deyil və buna görə də heç bir addım atmağa ehtiyac yoxdur. O ki qaldı qeyri-ənənəvi məzhəblərə, onlar o qədər də çox deyillər ki, nəsə etsinlər. Lap 1000 nəfər olsunlar, bu qədər adam neyləyə bilər?
Onlar bir tərəfdən çoxalırlar, bir tərəfdən də azalırlar. Çünki insanlar həqiqəti gördükdən sonra aldandıqlarını, tora salındıqları başa düşürlər və bu yoldan qayıdırlar. Bizdə tarixən ənənəvi dəyərlər güclü olub. Azərbaycanda yəhudu də, müsəlman da, xristian da həmişə birlikdə yaşayıblar və bu gün də yaşayırlar. Hətta kilsəyə gedən azərbaycalılar var. Məscidlərə gələn ruslar da var. Bir sözlə Azərbaycanda heç bir şey gözlənilmir, gözləməsinlər də.

-Qeyri-ənənəvi islam təriqətləri ənənəvi 5 məzhəblə yanaşı yaşaya bilərmi, yoxsa bu ciddi qarşıdurmalara gətirər?

-Azərbaycanda heç bir qarşıdurma yoxdur, ola da bilməz. Azərbaycanda nəinki müxtəlif məzhəblər, dediyim kimi, başqa dinlərin nümayəndələri həmişə bərabər yaşayıblar.

-MDB ölkələrinin ən tolerant müsəlman teoloqu, din xadimisiz. Təsadüfi deyil ki, Terekdən tutmuş Araza qədər bütün Qafqaz sizi öz lideri sayır. Sizcə İslam ümmətində vəhdətə nail olmaq üçün hansı addımlar atılmalıdır?

-Misal üçün mən iftar qonaqlığına Şimali Qafqaz müftilərini dəvət etmişdim. Onlar 1500 km yolu qət eləyib mənimlə oruc açmağa gəlmişdilər. Onlar sünnidürlər, mən şiə. Biz heç vaxt sünni-şiə söhbəti eləməmişik. Həmçinin Moskvadan, Türkiyədən, Gürcüstandan, Avropadan çağırdığım 15-20 nəfər dindarlar var idi. Bütün bunlar ona görədir ki, bu insanlarla işləmək, onları eşitmək, onların dərdlərinə şərik olmaq lazımdır. Necə ki, mən Qroznıda, İnquşetiyada baş verən hadisələrlə bağlı dəfələrlə səfər etmişəm, problemlərinin həllinə yardımçı olmağa çalışmışam.

Ona görə də onlar məni Çeçenistan Respublikasının ˝Kadırov ordeni" ilə təltif etdilər. Müxtəlif ölkələrdə məni orden-medallarla mükafatlandırıblar. Bunlar elə-belə olmayıb, mən həmişə onların yanında olmuşam. Bütün din xadimlərinin xeyirlərində-şərlərində iştirak edirəm. Misal üçün, Kabarda-Balkar ölkəsində vəfat edən var, bu yaxınlarda ora getməliyəm. Ordan gəldikdən sonra İstanbulda hörmətli din xadiminin övladının toyuna dəvətliyəm, ora gedəcəm. Bunların hamısını, yəni hörmət-izzəti əldə saxlamaq üçün insanın özündən çox şey asılıdır. Allah-Təala buyurur ki, bütün iman gətirən şəxslər bir-biri ilə qardaşdırlar. Qardaşlar arasında sülh yaratmaq vacibdir. Çətinliklərimiz də olur, hətta müftilər arasında münaqişələr də olur. Məcbur oluram gedirəm, ya da ikisini də bura çağırıb məsələni həll etməyə çalışıram. Onların daxili işlərinə qarışmıram, necə müftilik edirlər, dini məsələlərini necə həll edirlər, bu işlərə qarışmıram. Amma ağsaqqal kimi hər zaman mənimlə məsləhətləşirlər, məndən soruşurlar. Mən də heç vaxt məsləhətimi əskik etmirəm. Bacardığım qədər hər işlərində yardımçı oluram. Ayrı-ayrı dövlətlərdə yaşasaq da, mənəvi bağlılığı qoruyub saxlayıram. Bunlar hamısı danışıqlarla həyata keçirilir. Bir növ özümü qurban verirəm.

AzNews.az