Azərbaycanlı əsgərin qalıqları tapıldı - FOTO

71 il əvvəl itkin düşmüş azərbaycanlı əsgərin qalıqları tapılıb.

ANS PRESS-in verdiyi məlumata görə, 2014-cü il martın əvvəllərində Rusiyanın Kuban bölgəsində, Krım rayonunun Sauk Dərə kəndində Qızıl Ordu əsgərinin qalıqları aşkar edilib.

Əsgərin qalıqları arasında tapilan su qabının ustündə "Mahmudov" yazılıb. Bu yazı da əsgərin kimliyinin tapılmasında böyuk rol oynayıb.

Yerli sakinlər əsgərin şəxsiyyətini təyin etmək üçün müvafiq orqanlara müraciət edib. Arxiv və ekpertiza araşdırmaları nəticəsində əsgərin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, bu 1912-ci il Azərbaycanın Siyəzən rayonunda doğulmuş Mahmudov Hacıverdi Canəhməd oğludur.1941-ci il 29 yaşında Qırmızı orduya çağırılan Mahmudov Hacıverdini müharibə 1943-cü ilin yayında artıq Kubana gətirib çıxarıb. Ölümündən bir gün qabaq Mahmudov boyük qəhrəmanlığa imza atıb. Təkbaşına düşmən səngərinə girən Mahmudov Hacıverdi avtomatla 1 alman zabitini və 6-ya yaxın əsgərini məhv edib.

1943-ci il avqustun 13-də Mahmudova "Qırmızı Ulduz" ordeni verilib. Onun ölümü barədə arxivdə məlumatlar tapilmayıb.

Həmin vaxt Mahmudov Hacıverdinin itkin düşməsi barədə Siyəzəndə yaşayan həyat yoldaşına məktub yollanıb.

Hacıverdinin 71 ildən sonra aşkar edilməsi barədə məlumatı onun oğluna rusiyalı jurnalistlər verib.

ANS PRESS Mahmudov Hacıverdinin oğlu 72 yaşlı Canəhməd Mahmudovu axtarıb taparaq atası haqda məlumat alıb. Canəhməd Mahmudovun bildirdiyinə görə butun ömrü boyu atasını axtarıb:

"Xəbər alanda çox kövrəldim. Biz yalnız onun itdiyini bilirdik. Daim onu axtarmışam. Ruslar atamın nəşinin bura gətirib dəfn edilməsi barədə mənim fikrimi soruşdu. Mən onun doğma torpağında dəfn edilməsini istədiyimi onlara bildirdim".

Xatırladaq ki, böyük bir ailə sahibi olan Canəhməd Mahmudov beş uşaq və 15 nəvə sahibidir.









AzNews.az