İlham Əliyevə ilk oxucu kartı təqdim edildi

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlətimizin başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə kitabxananın ilk oxucu kartı təqdim edilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verib.

Bildirildi ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 4 milyona yaxın kitab saxlanılacaq. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək.

Diqqətə çatdırılıb ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.

Qeyd edildi ki, AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı yaradacaq.

Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.

AzNews.az