Şəhid ölümlərinə görə matəm elan olunmalıdırmı? - Rəylər

"Ümid" Partiyası 1 günlük matəm olsun təklifini verdi…


11 hərbçimizin şəhid olmasından dolayı rəsmi matəm elan olunması haqda çağırışlar səsləndirilir. Bu fonda Azərbaycan telekanalları proqramlarında dəyişiklik etməyə tələsmirlər. Çal-çağır sədaları telekanalların efirindən yığışdırılmır. "Ümid" Partiyası yaydığı bəyanatda Azərbaycan hakimiyyətini ölkə ərazisində bir günlük matəmin elan olunmasına çağırıb. Bəyanatda bildirilir ki, şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib: "Təəssüflər olsun ki, gedən şiddətli atışmalarda ordumuzun 8 hərbçisi həlak olub. Eyni gündə Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənin həmləsini dəf edərkən də Azərbaycan Silahlı Qüvvələri 3 hərbçisini itirib. Azərbaycan ordusu bir gündə 11 şəhid verib. Atəşkəs dövrü olmasına baxmayaraq son günlər işğalçı Ermənistan silahlı qüvvələrinin diversiya qrupları işğal olunmuş Azərbaycan torpaqlarından mütəmadi olaraq təmas xəttini keçməyə cəhd edir, atəşkəs rejimini pozur, Azərbaycanı müharibəyə təhrik edir. Torpaqlarımızın işğalı az deyilmiş kimi bu hücumların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri şəhid olur. Təəssüflər olsun ki, bu beynəlxalq aləmin gözləri qarşısında baş verir və beynəlxalq güclər hələ də işğalçı Ermənistanın hərəkətlərinə göz yumurlar. Ümid Partiyası olaraq Qarabağ probleminin sülh yolu ilə həllini istəyən, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına çalışan ölkələri və beynəlxalq təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün bu ölkəyə sanksiyalar tətbiq etməyə çağırırıq. Azərbaycan hakimiyyətini isə hər gün atəşkəs rejiminin pozulmasını, Ermənistan tərəfindən müharibəyə təhrik edilməsini, bir gündə 11 hərbiçimizin şəhid olmasını beynəlxalq güclərin diqqətinə çatdırmaq üçün tədbirlər görməyə, ölkə ərazisində bir günlük matəmin elan olunmasına çağırırıq".

Deputat Sabir Rüstəmxanlı deyir ki, müharibə bitməyib və itkilərin olması ehtimalı da qaldığından matəm elan olunmasına ehtiyac yoxdur: "Müharibənin hər günü itki, ölüm deməkdir. Hər gün matəm elan etmək olmaz. Əgər gözlənilməz bir hadisə, terror olsa, ayrı mövzudur. Bu savaşdır və savaşda hər iki tərəfin itki verməsi labüddür.



S.Rüstəmxanlı Azərbaycan telekanallarında baş verənlərin ümumilikdə ölkədəki durumdan qaynaqlandığını söylədi: "Sanki bir biganəlik, laqeydlik mühiti hökm sürür. Qarabağ savaşı olanda, 1 milyondan artıq qaçqın, köçkünümüz olanda dünyanın hər yerindən bəyanatlar verilir, yardımlar gəlirdi. İndi İraqda bizim qan qardaşlarımızın başına bu müsibətlər gəlir. Amma bizim heç bir reaksiyamız yoxdur. Şəhidlər varsa hökmən bu məsələ televiziyada, mətbuatda bir iz buraxmalıdır. 8 şəhid az deyil. Müharibə başlayıb?! Əgər bir belə itki varsa, hökmən bu qeyd olunmalıdır. Hər hansı bir şəkildə ölkə mətbuatının, televiziyanın gündəlik veriliş siyahısı dəyişməlidir".

Millət vəkili Qənirə Paşayeva Azərbaycan ordusunun ötən gecə cəbhədə verdiyi şəhidlərə rəğmən, telekanallarda şou proqramlarının yayımlanmasına münasibət bildirib.



Bu barədə millət vəkili Facebookda status yazıb: "Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, mesaj gəlib. Bir çox insanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər. İşğalçı Ermənistanı və onunla bərabər arxasında duran dövlət və gücləri Allahın lənətinə gəlsinlər. İnşallah onlar layiq olduqları cəzanı alacaqlar. Böyük şair gözəl demişdi:

Bayraqları bayraq edən üstündəki qandır
Torpaq uğrunda ölən varsa vətəndir.

Düşmənin təxribatlarına layiqli cavab verərək şəhid düşən əziz qardaşlarımız. Sizi heç zaman unutmayacağıq! Nə qədər Azərbaycan var siz də hər zaman yaşayacaqsınız!"

Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat" deyib ki, rəsmən matəm elan olunması məsələsinə ordu rəhbərliyi qərar verməlidir: "Bu məsələ ilə bağlı qərar vermək onlarlıqdır. Hesab edirəm ki, bu çox böyük faciədir. Əsgərlərimiz vəzifə borclarını yerinə yetirərkən həlak olublar".



Ü.Cəfərov Müdafiə Nazirliyinin belə bir qərarın verilməsi təşəbbüsündə bulunacağına inanmadığını və baş vermiş olayla bağlı yayılan rəsmi məlumatın reallığı əks etdirmədiyi söylədi: "Ermənilər səngərimizə hücum ediblər. Postdakı, bundan sonra da qazmadakı əsgərlərimizə basqın olub. Əsgərlərimiz öldürülüb. Qazmadan Azərbaycan Silahlı Qüvvələrinə məxsus ratsiya və digər avadanlıqları da götürüb gediblər".
Hərbi ekspert Gədəbəy istiqamətində də oxşar olayın baş verməsi haqda məlumat aldığını və axşama doğru həmin məlumatın yayılacağını da bildirdi: "Yəqin özlərində güc tapıb həmin məlumatı yayarlar".

YAP-çı deputat Aydın Mirzəzadə cəbhədə baş verənlərə münasibət bildirib.



Millət vəkili bu barədə sosial şəbəkədə açıqlama yayıb: "Ermənistan-Azərbaycan cəbhə xəttindən gərgin xəbərlər gəlir. Ermənistan diversiya qruplarının bizim mövqeləri ələ keçirmək üçün cəhdlər etdiyi və xırda döyüşlər getdiyi bildirilir. İgid əsgər və zabitlərimiz düşmənin həmlələrinə qəhrəmancasına cavab verir, Azərbaycan torpağını mərdliklə qoruyurlar. Düşmənin xeyli itki verdiyi xəbərləri yayılır. İşğalçı qüvvələr növbəti dəfə Azərbaycan silahının zəhmini və gücünü öz üzərilərində hiss edirlər. Qarşıdurmada Azərbaycan əsgər və hərbi qulluqçularının da şəhid olduğu bildirilir. Şəhidlər öz həyatları hesabına torpağı qoruyurlar. Xalqımız ən dəyərli oğullarını itirir. Allah onlara rəhmət eləsin. Bu situasiyada qəlbən və düşüncəmizlə qəhrəman əsgər və zabitlərimizin yanındayıq. Onlara güc və allahdan hifz olunmalarını arzu edirik".

AzNews.az