“O müqəddəsliyə əl uzadanların əli kəsilməlidir“- ƏKS-SƏDA

Azərbaycanlıların and yeri sayılacaq Şəhidlər Xiyabanında iki məzar təhqir olunub. İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərlə bağlı Baş Prokurorluq Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi açıb. Hadisənin təhqiqatının tez bir zamanda bitməsi ə təqsirkarların cəzalandırılması önəmlidir. Çünki bu fakt Azərbaycan cəmiyyətinə, milli mənəvi dəyərlərə vurulmuş ağır zərbədir.

Modern.az-ın sorğuladığı şəxslər də bu fikirlə həmrəydir.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı: "İndi o qədər şərəfsiz, milli-mənəvi dəyərlərə hörmət etməyən insanlar peyda olublar ki, hər şey gözləmək olar. Bu insanlığa sığmayan bir şeydir. Bu adamlar tapılıb cəzalandırılmalıdır. Bunu edənlər normal düşüncə sahibi deyil".

"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov: "Bu xəbər məni sarsıtdı. Şəhidlər müqəddəsdir, onların hamısı biz dirilərdən yüksəkdə dayanır. Onu eləyən azərbaycanlı, müsəlman və insan deyil. Mən inanıram ki, tapılacaq. O insan ən ağır cəzaya layiq görülməlidir. Biz jurnalistlər həmin insanı, mediada dar ağacına çəkməli, edam etməliyik. O müqəddəsliyə əl uzadanların əli kəsilməlidir. Həmin şəxs İlham və Fərizəni yenidən öldürdü. O, insana iki insanı öldürdüyünə görə cinayət işi açılmalıdır".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: "Bu vəhşilikdir. Bunun başqa adı yoxdur. İlham və Fərizə milli rəmzlərimizdir. Bu hərəkəti edənlər ağılsız insanlardır. Ciddi axtarış aparılmalır və bu hərəkətləri edənlər tapılmalıdır. Şəhidlər Xiyabanında Azərbaycanın qəhrəman övladları yatır. Şəhidlər Xiyabanı belə qorunur?! Bu həm də onu göstərir ki, Şəhidlər Xiyabanı ciddi mühafizə yoxdur".

Xalq artisti Nurəddin Mehdixanlı: "Bu, iyrənc bir şeydir. Hətta ermənilərin etdiklərindən qat-qat iyrəncdir. Bu, insanlığa sığmayan bir şeydir. Bu əslində Azərbaycan xalqının əxlaqına, mənəviyyatına, qəhrəmanlıq tarixinə, bayrağına və şərəfinə təcavüzdür. Azərbaycanda elə insan tapılmaz ki, bunu özünə, ailəsinə, nəslinə təcavüz hesab etməsin. Polis və lazımi qurumlar bunu edənləri mütləq tapmalı, bütün Azərbaycana elan etməli və onları ən ağır cəza ilə cəzalandırmalıdır".

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı: "Bu, hər birimizi üzən bir hadisədir. Hadisə ciddi şəkildə araşdırılmalı və bunu edənlər mütləq ictimaiyyət qarşısına çıxarılmalı və cəzalandırılmalıdır. Bu hadisəni törədənlər əslində ermənilərə xidmət etmiş olurlar. Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda şəhid olmuş insanların məzarlarının bu şəklə salınması ağlasığmazdır. Dünyanın heç bir ölkəsində belə məsələ ilə qarşılaşılmayıb. Hər halda hüquq-mühafizə orqanlarının üzərinə böyük yük düşür. Bu hadisə onu göstərdi ki, müqəddəs yerlərimizi qorumaq məsələsində də ciddi problemlər yaşayırıq. Bu hadisə şəhidlərimizin ruhuna təhqirdir!"

Yazıçı-tərcüməçi Əziz Rzazadə: "Əgər Bakıda, fərq etməz, səhər olsun, ya da gecə saatı, şəhid məzarı təhqir olunursa, bu, düşmənin içimizə qədər yeriməsi anlamı verir. Xəcalət çəkməli bir hadisədir. Elliklə başıaşağı olduq. Bunu kütləvi tirajlanması da bir səhv idi. Hadisə şahidi sakitcə faktı lazımi ünvana çatdıra və müvafiq tədbir gördürə bilərdi. Amma bunun əksi baş verdi. İndi gəl bundan sonra düşmən qarşısında alnıaçıq, başı dik dur... Çox pis!!!"

AzNews.az