- Köhnə - Cəmiyyət
- 6 Oktyabr 2014 17:49
- 6 190
Bu gözdən əlil gəncin - Dəhşət dolu həyat hekayəsi (FOTOLAR)
“HƏYATIMDA HEÇ NƏYİ DƏYİŞMƏK İSTƏMƏZDİM”
Yaşadığımız cəmiyyətdə görmə qabiliyyətindən məhrum olmuş insanlarla rastlaşmaq qeyri-adi hadisə deyil. Amma dünya işığından məhrum birindən müsbət enerji almaq diqqəti cəlb etməyə bilməz. AzNews.az xəbər verir ki, Qərb Universitetinin 4-cü kurs tələbəsi olan Elman Süleymanov da qarşımıza çıxan bu tip insanlardan biridir.
Söhbət zamanı məlum oldu ki, Elmanın həyatı elə uşaqlıqdan qəribəliklərlə başlayıb. Doğulduğu xəstəxanada başqa bir uşaqla yeri səhv düşüb, bir həftə sonra üzündə olan xala əsasən tapılaraq anasına qaytarılıb. Elman deyir ki, anadan olanda heç bir problemi olmasa da, həkimlərin səhlənkarlığı nəticəsində gözünə infeksiya düşüb.
Bu infeksiyayla da Elmanın həyatı tamam dəyişir. 6 aylığında ilk göz əməliyyatı keçirən Elman, 6 yaşı olanda artıq 4-cü dəfə əməlliyat masasına uzadılır. Birinci sinfə gedəndə gözlərinin biri göməsini itirsə də, digər gözü 80 faiz görməyə malik olub. Səhhətindəki problemə baxmayaraq daim öz istedadı, qeyri-adiliyi ilə yaşıdlarından seçilən Elmanın musiqiyə olan marağı valideynlərinin onu musiqi məktəbinə yerləşdirməsinə səbəb olur.
Amma həyatın çətinlikləri Elmandan yaxa qurtarmır. 8 yaşında təsadüfən məktəbdə sinif yoldaşı ilə bir-birinə çırpılır və ciddi zədə alır. Və bu toqquşma artıq onun həyatında yenə bir səhifə açır. Elman görməsini tamamilə itirir və nəticə rəngarəng dünyadan məhrum olaraq bir otağa qapadılır. Özünün cümləsi ilə ifadə etsək, "bu, ABŞ-da yaşayan birinin Yevlağa sürgün edilməsinə bənzəyir".
Amma bu, onun xəyallarından vaz keçməsinə səbəb olmur. Elman öz mübariz ruhu ilə istəklərinin arxasınca gedir, məktəbi bitirərək universitetə qəbul olur, bir neçə xarici dil öyrənir.
Daim öyrənməyə can atan Elman valideynlərinin ona verdiyi xərclik müqabilində ac qalıb yoldaşlarından ona kitab oxumasını xahiş edir.
Amma gənc dostumuzun, həyat hekayəsində universitetə qədər səhhətindəki problemlərdən başqa çətinliklərlə də qarşılaşır.
O çox kiçik yaşlarından işləməyə başlayır. 6 yaşında ilk iş həyatına tikinti mağazasında fəhləliklə başlayaraq bu günə kimi ardıcıl olaraq kafedə pianist, piano müəllimi , ingilis dili müəllimi kimi sahələrdə çalışıb.
Hazırda "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti"ndə Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri olaraq çalışır. Gördüyü işlərdə əsas meyarı cəmiyyətə gənclərin qazandırılmasıdı.
Elmanla söhbət zamanı maraqlı keçən müzakirənin bir hissəsini sizə təqdim edirəm:
- Bəzən görmək yaxşıdır, bəzən görməmək. Bəzən gördüklərini görə bilməmək istəyi ola bilər , bəzən görə bilmədiklərini görmək istəyi. Mənə görə görməklə baxmaq eyni şeylər deyil.
- Bu qədər həyat eşqini hardan alırsınız?
- Həyatım olduqca maraqlıdır. Yaşam enerjisi almaq və ötürmək mənim əsas hobbimdir. Vaxtımı video oyunlar tipli əyləncələrə heç vaxt sərf etmirəm . Mənim üçün ən maraqlı oyun hər gün yeni auralar tapmaq ,onları qarışdırmaq,müqayisələr, təcrübələr aparmaq, enerji ötürmək və almaqdır. Qısacası yaşam enerjisini insanlar üzərinə qurduğum aura adlı oyundan alıram.
- Yaşadığımız cəmiyyətdə insanların bir-birinə olan münasibətindən razısızmı?
- Məncə yaşadığı cəmiyyətdən razı olan tək varlıqlar yalnız ot və suya təlabatı olan varlıqlardır. İnsanlar hər zaman nələrdənsə narazı olublar və bu narazılıqların cavablarını cəmiyyətdə axtarıblar. Cəmiyyətdən heç vaxt tam razı olmamışam və bəlkə də heç vaxt tam razı olmayacam. Demək olar ki dünyanın hər bir millətindən dostlarım var,dəfələrlə Avropa və Şərq mədəniyyətləri günlərinə qarışmışam, çox fərqli dini inanclar və siyasi görüşləri təcrübədən keçirmişəm, lakin bu qədər fərqli məvhumlar gəlib bir maraqda cəmləşir- sərvət meyli marağı. Sərvət maraqları fərdləri bir-birindən narazı salır.
- Dəyişmək imkanınız olsaydı, nələri dəyişərdiz ?
- Çox az şeyləri, çünki həyatın sistemi qurulub və belədir, nələrisə dəyişməklə maraqsız etmək olar həyatı. Zatən insanlar hər saniyə dəyişir. Dəyişikliklər etmək üçün heç bir möcüzə gözləmək lazım deyil, çətinliklərlə edilən dəyişikliklər daha dəyərlidir. Amma bir dəyişiklik edərdim: bütün bank hesablarını qarışdırardım, bütün banklarda olan pulları toplayıb bütün bank müşdərilərinin sayına bölüb eyni miqdarda yatırardım hesablara və yeni yaranan bu oyun çox əyləncəli olardı mənim üçün.

Röyalə
AzNews.az