Nigarı ev dustağı da etmədilər

Abşeron Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqublunu ev dustaqlığına buraxmayıb.

"Media forum" saytının məlumatına görə, sentyabrın 20-də keçirilən prosesə Nigar Yaqublunun özünü də gətiriblər. Qapalı keçirilən prosesdə həbsin ev dustaqlığına dəyişdirilməsi vəsatəti təmin olunmayıb. Vəsatəti Nigar Yaqublunun vəkilləri qaldırmışdı. Nigar Yaqublu sentyabrın 11-də tutulub.

Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

AzNews.az