- Köhnə - Cəmiyyət
- 28 Oktyabr 2014 12:15
- 2 038
“Girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edilməlidir”
Millət vəkili Qənirə Paşayeva azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməyi təklif edib.
AzNews.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev, onların saxlanılması şəraitini və onlarla bağlı saxta məhkəmənin qurulmasını, eyni zamanda buna ciddi reaksiya verməyən ATƏT-i, ATƏT-in Minsk qrupunu və Avropa Şurası başqa olmaqla, bütün beynəlxalq təşkilatları ciddi tənqid edib. Millət vəkilinin sözlərinə görə, ATƏT, ATƏT Minsk Qrupu və Avropa Şurası Ermənistana girovların azad edilməsi və onlara qarşı işgəncələrin son qoyulması istiqamətində heç bir təzyiq göstərmir.
Bu məsələ ilə bağlı Avropa Şurası İnsan haqları üzrə komissarının da heç bir addım atmadığını deyərək tənqid edən millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib və azərbaycanlı girovların ailələrinə dəstək göstərilməsinin vacibliyini qeyd edib.
"Azərbaycanlı girovlar Şahbaz Quliyevin və Dilqəm Əsgərovun ailələrinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi üçün gərəkən bütün dəstəyin göstərilməsini təklif edirəm. Bu məsələnin ciddi şəkildə Avropa İnsan haqları məhkəməsində aparılmalıdır. Girovlara ciddi işgəncələrin verildiyini və bu işgəncələrlə onları Azərbaycan əleyhinə çıxış etməyə vadar etmək istəyən erməni işğalçıları öz arzularına nail ola bilmirlər, amma girovlarımıza işgəncələr verməkdə davam edirlər". Millət vəkili buna görə də mütləq ölkəmizin bununla bağlı Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməyini təklif edib. O bildirib ki, girovlarımızı azad etmək üçün bütün beynəlxalq mexanizmləri işə salmaq və onların azad olunmasına nail olmaq lazımdır.
AzNews.az