Anar YUSİFOĞLU Anar YUSİFOĞLU

Əfv – Ən böyük intiqam

Anar YUSİFOĞLU



"Seven bekler... beklemeyen sevmeyi bilmiyor demektir"
(Ahmet Şafak )

Bu hadisə ilə aramıza o qədər aylar girib, ömrümə o qədər fəsillər əl gəzdirib, yaddaşıma o qədər illər yüklənib ki, onu çox dumanlı xatırlayıram. Hərdənsə ümumiyyətlə, belə bir hadisənin olub-olmadığı şübhəsinə qapılıram. Amma məni silkələyən o fikri heç unutmuram.

Hardaydıq, kimlərlə danışırdıq, nəyin müzakirəsini edirdik – yadımda deyil, nəsə bir mənzərə uydurub sizləri və özümü aldatmaq istəmirəm. Yadımda qalan budur ki, yeniyetmə idik, deyəsən, tələbəliyin ilk aylarıydı, şəhərin üz-gözümüzü alışdıran istisini belə sevgi havasıyla udurduq. Həyatımızın poeziyasını yaşayırdıq və poeziya ilə də nəfəs alırdıq.

Yaşına, başına, zövqünə inandığımız ağsaqqal bir ədəbiyyat adamını dinləyirdik – dedim axı, adını xatırlamıram.

– Sizin yaşda sevgi acısını yaşamaq da şirindir. Sevirsinizmi?
Gülümsədik, bir az da utancaqlıq vardı içimizdə.

– Hər gün bir qucaq sevgi şeirləri oxumasanız, yatmırsınız, eləmi?
Təsdiqlədik.

– Əli Kərimin "İki sevgi" şeirini bilirsiniz?

O vaxt Əli Kərimin kitablarını tapmaq asan məsələ deyildi, onun seçilmiş əsərləri bir-iki ildən sonra dərc olundu.
"Yox" dedik.

– Onda sizin nə poeziyadan xəbəriniz var, nə də sevgidən... – və çıxıb getdi.
Elə həmin gün o şeiri əzbər bilən bir adamı arayıb-axtarıb tapa bildik, vərəqə yazdıq:

"Gözəl qız, sən saf susan
İki qəlb arzususan
Mənsə səni sevirəm..."

Bu, gözəl sevgi izharıydı.

***

İndi "İki sevgi"yə bir az ayrı cür yanaşıram, çünki İbn Səlamın da Leyliyə sevgisini və sevgisi uğrunda fədakarlığını anlamaq üçün artıq xeyli yaşamışam; indi "İki sevgi"yə öz sevgisinin daha uca, alovlu və səmimi olduğunu izhar edən aşiq kimi yox, Məcnun və İbn Səlam, Şərq və Qərb sevgilərinin müqayisəsi kimi baxıram.

Şərq sevgiyə münasibətini "Leyli və Məcnun"da ifadə edib, Qərb "Romeo və Cülyetta"da – birində can, o birində tən.

Yox, elə düşünməyin ki, şərqli olduğumdan, Şərq düşüncəsinə üstünlük verirəm. Şərq ruhu, Qərb bədəni olmazsa, bu dünyanın mövcudluğu da sual altına düşər. Yəni "can təndən ayrı olmaz"!

***

"Allah, der ki; Kimi benden çok seversen onu senden alırım... Ve ekler, Onsuz yaşayamam deme, seni Onsuz da yaşatırım... Ve mevsimler geçer, gölge veren ağaçların dalları kurur, sabır taşar, canından saydığın Yar bile bir gün el olur... Aklın şaşar, dostun düşmana dönüşür, düşman kalkar dost olur, öyle garip bir dünya işte... Olmaz dediğin ne varsa hepsi olur... Düşmem dersin düşersin, şaşmam dersin şaşarsın... En garibi de budur ya, öldüm der durur, yine de yaşarsın".
Görünür, Şərqin böyük Mövlanəsi çox haqlıdır. Yaratdığını ondan çox sevəndə, Tanrı insanı "onsuz yaşatmaqla" cəzalandırır. Və "ən qəribəsi də budur: öldüm der, durur, yenə də yaşarsın!" Sevgili mövlasından ayrılan Yunus kimi:

Ben yürürüm yana yana
Aşk boyadı beni kana...

Ancaq bu cəzanın ağırlığı əslində yaşamımızı və mövcudluğumuzu saxlayır. Bir sevginin cəzasını yaşamaq o sevginin özü qədər böyükdür.

***

Qərbli Viktor Hüqo da çox haqlıdır, "ən böyük intiqam əfv etməkdir" deyəndə. Bəlkə də Şərqlə Qərbin – canla tənin – birləşdiyi və bir dünya olduğu məqam da burdadır. Birində Tanrı, digərində insan iradəsi qabardılır ki, burda da çox fərq yoxdur. Allahın insan sifətində təcəlla etdiyini hürufilər demirdimi?

"Səni bu hüsnü cəmal ilə, bu lütf ilə görən,
Qorxdular həq deməyə, döndülər insan dedilər".

Deməli, əfv etmirsə, intiqam almır, yəni cəzası sevgisindəndir. Sevgi alovunda yanmadan Tanrının cəhənnəm əzabını dərk etmək olarmı?(aktual.az)