Sürücülərə şad xəbər- VİDEO

Paytaxta şimal qapıdan daxil olanlar hər səhər girişdə yaşadıqlarını görəndə bir sual ətrafında düşünürlər. Niyə bu problemdən çıxış yolu tapılmır?



Bu mövzuya dönə-dönə qayıtmağımızda məqsədimiz həm vətəndaşın rahatlığını təmin edəcək yol açmaq, həm də sabahımızı daha təhlükəsiz etməkdir. Bizim ortaya atdığımız ideyaya, şəhərə şimaldan ikinci qapı açılmasına nəhayət reaksiya var və hətta əməli işə də başlayıblar.

ANS TV-nin məlumatına görə, həftə içi 5 gün azı 2-3 saatını Bakı-Sumqayıt yolundakı tıxaclarda itirən sürücü və sərnişinlər bir neçə aya bu bəladan qurtulmuş olacaq. Şimal istiqamətindən paytaxta gələn və əks istiqamətə gedən nəqliyyat vasitələri əvvəl yalnız Bakı-Sumqayıt yolundan istifadə edirdi ki, bu da həmin yolda uzun növbəli tıxacların yaranmasına səbəb olurdu.

Bir neçə vaxtdır təmirə bağlanan yolda artıq yeni ötürüclər və dairələr inşa edilib ki, məhz bununla hərəkət tənzimlənəcək. Bu yolda tıxacın yaranmaması üçün tikintini həyata keçirən "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Xocasən-Biləcəri, Biləcəri-Sulutəpə istiqamətində yeni dairə inşa edib.

Şimaldan gələn nəqliyyat vasitələri dairəni dövr etməklə Xocasən-Biləcəri yoluna daxil ola və burdan birbaşa Bakı-Ələt magistralına rahat istiqamətlənə bilərlər. Bundan başqa, eyni dairəni ötməklə Sulutəpə istiqamətindən Bakı-Şamaxı yoluna bir başa çıxış etmək mümkündür. Əsas olan isə odur ki, Bakı-Sumqayıt yolunda eləcə də ötürücü körpüdə hərəkət zolaqları artırılıb.

Hazırda bu yolu ölkənin şimal qapısında yaranan sıxlığın aradan qaldırılması üçün görülən kompleks tədbirlərin sonuncu mərhələsi adlandırmaq olar. Belə ki, avtovağzal dairəsindən gələn nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq üçün salınan bu yol həm Atıcılıq Kompleksinə gedəcək, həm də yeni salınan bu yolun üzərində inşa ediləcək 450 metrlik estakada vasitsiylə sürücülər bir başa dairəvi yola çıxma şansını əldə edəcək.

13 metr enliyində olacaq estakada həm də imkan yaradacaq ki, Bakı-Ələt yolundan istifadə etməklə ölkənin müxtəlif bölgələrinə gedəcək olan sərnişin daşıyan nəqliyyat vasitələri Bakı-Sumqayıt yoluna girmədən birbaşa dairəvi yolun hərəkət zolağına daxil ola bilsinlər.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev dedi ki, işlər 5-6 mərhələni əhatə edir ki, biz artıq 3-4 mərhələni yerinə yetirmişik: "Sonuncu iki mərhələdə işlər gedir. Güman edirik ki, 2015-ci ilin birinci rübündən sonra bütün bu işlər hamsı yekunlaşacaq".

Bakı-Sumqayıt yolu həm də qəzaların daha çox baş verdiyi ərazilərdən biridir. Əlavə yolların açılması bu yolda baş verən qəzaların sayının azalmasınada təsir göstərəcək. Bir sözlə Bakı-Sumqayıt yolunda həm mənəvi, həm də maddi baxımdan əziyyət çəkənlər hələ Avropa Oyunlarının başlmasına qədər səbr etməlidir, yəni 193 gün.