- Köhnə - Cəmiyyət
- 20 Fevral 2015 11:05
- 6 265
Nazirlikdən saxta diplom olayına REAKSİYA
Mədəniyyət və Turizm Nazirliyi Tərtər rayon Uşaq Musiqi Məktəbinin direktoru Emin Haqverdiyevin saxta diplom məsələsinə münasibət bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AzNews.az-a açıqlamasında deyib ki, gələn həftə nazirlik bu olayla bağlı Tərtər rayonuna komissiya göndərəcək:
"Yazıda qeyd olunan faktla bağlı Mədəniyyət və Turizm Nazirliyində məlumat var. Gələn həftənin ilk günlərində nazirlik tərəfindən həmin müəsissəyə komissiya göndəriləcək. Qeyd olunan məsələlər araşdırılaraq aşkara çıxarılacaq".
Qeyd edək ki, Tərtər rayon Uşaq Musiqi Məktəbinin direktoru Emin Haqverdiyevin bu vəzifədə saxta diplomla çalışdığı üzə çıxıb. Onun haqda edilən şikayətlərdən sonra məlum olub ki, o, bu vəzifəyə Müəllimlər İnstitutunun Qazax filialının verdiyi saxta diplomla gəlib. Azərbaycan Respublikası Təhsil Nazirliyi Müəllimlər İnstitunun Qazax filialı isə həmin şəxsə diplom verilməsini təkzib edib. Qurumdan Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin bu olayla bağlı göndərdiyi məktuba cavab olaraq bildirilib ki, Haqverdiyev Emin Vaqif oğlu filiala Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə qəbul olmayıb, adı tələbələr sırasında aşkar edilməyib.
Bahar RÜSTƏMLİ
AzNews.az