- Köhnə - Cəmiyyət
- 20 Fevral 2015 15:08
- 3 295
Qaradağ rayonunda Xocalı faciəsi anıldı
20 fevral 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı: Siyasi-hüquqi qiymətləndirmə prosesində” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZNEWS.AZ xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, millət vəkilləri Siyavuş Novruzov, Mixail Zabelin, Qırğızıstan Respublikasının Respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Aygicit Buranov, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vəli Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə ulu öndərin büstü önünə gül dəstələri qoyulub.
Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış olublar.
Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib.
Qeyd edilib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında"qərar qəbul edilib.
Məhz bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat və təşviqatın aparılır, erməni vandalizminin bütün gerçəklikləri ilə dünyaya nümayiş olunur.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsi aşkar bir gerçəklik olduğunu bildirib. Bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd edib.
Millət vəkili Mixail Zabelin Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olan, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulayıb.
Çıxış edənlər digər natiqlər də terrorun dininin və milliyətinin olmadığını, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndiriblər. Bildiriblər ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.