- Köhnə - Cəmiyyət
- 23 Fevral 2015 11:46
- 6 911
Bu gün Azərbaycanın Dövlət gerbi təsdiq olunub – 22 il öncə
Tarixdə bu gün: 23 fevral
Tarixdə bu gün fevralın 23-də Azərbaycanın Dövlət gerbi təsdiq olunub, Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib, Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr başlanıb, görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov vəfat edib.
1878 - Məşhur tatar yazıçı-pulisisti, ictimai xadim Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib.
1893 - Alman mühəndis Rudolf Dizel öz adı ilə anılacaq dizel mühərrikini kəşf edib.
1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 - 20.11.1983) Gəncədə anadan olub.
1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1986) Şuşada anadan olub. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).
1918 - Sovet Ordusu və Donanması yaradılıb.
1918 - Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya - gürcü sosial-demokratlar (menşeviklər) 32, "Müsavat" partiyası 30, ermənilərin "Daşnaksütyun" partiyası 27 deputatla təmsil olunmuşdu. Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların "İttihad", "Hümmət", müsəlman sosialistlər qrupları (14 nəfər) yer almışdı. Azərbaycanlı deputat fraksiyasına (44 nəfər) "Müsavat"ın lideri Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi.
1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.
1946 – Məşhur futbolçu Anatoli Banişevski anadan olub.
1990 - Ermənistan SSR-in Mərkəzi Seçki Komissiyası respublika Ali Sovetinə seçkilərlə bağlı Dağlıq Qarabağda seçki dairələrinin yaradılması barədə qərar qəbul edib. SSRİ-nin bir müttəfiq respublikasının digərinin suverenliyinə bu cür kobud müdaxiləsi Moskva tərəfindən gözardı edildi. Bundan ruhlanan ermənilər həmin ilin sentyabrında Dağlıq Qarabağda Azərbaycan parlamentinə seçkilərin keçirilməsinə imkan vermədilər.
1993 - Azərbaycanın Dövlət gerbi təsdiq olunub. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmayıb.
2001 - Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr başlanıb. İki gün sürən müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyündən kənarda həll yolunun olmadığı bir daha vurğulanıb. Müxalifət tərəfindən ölkə rəhbərliyinin apardığı danışıqlar kursuna alternativ olaraq heç nə təklif edilməyib.
2003 – Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938 - 2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə ("Yeddi ogul istərəm", "Babək", "Qəm pəncərəsi" və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi "Qaçaq Nəbi" ("Atları yəhərləyin") filmini çəkib.