Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə şəhid jurnalistlər yad edilib. Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə şəhid jurnalistlər yad edilib.

Şəhid jurnalistlər yad edildi - FOTOLAR

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə şəhid jurnalistlər yad edilib.



Xocalı soyqırımının ildönümü günlərində Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ölkə mediasının təmsilçiləri Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş və Şəhidlər Xiyabanında uyuyan jurnalistlərin — milli qəhrəmanlar Alı Mustafayevin, Salatın Əsgərovanın, Fəxrəddin Şahbazovun, Çingiz Mustafayevin və Kazımağa Kazımovun məzarlarını ziyarət etmiş, xatirələrini ehtiramla yad etmişlər. Jurnalistlər mərhum həmkarlarının məzarlarının üstünə tər çiçəklər düzüb, onların ruhuna dualar oxuyublar.

AzNews.az xəbər verir ki, anım mərasiminə Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olan macarıstanlı media qrupunun üzvləri də qatılıblar. Mərasimində çıxış edən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov bildirib ki, Qarabağ münaqişəsi başlayan gündən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil, həm də əldə silah torpaqlarımızın müdafiəsinə qalxıblar. Bu mübarizədə canını qurban verən neçə-neçə jurnalistin ömür yolu milli jurnalistikamızın qüruruna çevrilib. Onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır.

Ahıl jurnalist Hacı Mehman, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Teleradio QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Tapdıq Abbas və digər media təmsilçiləri şəhid jurnalistlərin hər biri barədə unudulmaz xatirələrini söyləyib, onların hünər yolunun solmaz səhifələrini yada salıblar.
image description image description