- Köhnə - Cəmiyyət
- 27 Fevral 2015 18:06
- 3 699
“Jurnalistləri yenə məhkəməyə verəcəm"- Gültəkin Hacıbəyli
Yasamal Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəylinin 9 jurnalistə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasını icraata götürməkdən imtina edib.
Gültəkin Hacıbəyli AzNews.az-a açıqlamasında bu faktı təsdiq edib: "Əslində mən əvvəlcədən də bildirmişəm ki, hədəfimdə jurnalistlər olmayıb. Sadəcə, Xətai rayon prokurorunun müstəntiqi Mahmud Mehdiyev mənim ona qarşı qaldırdığım xüsusu ittiham qaydası üzrə ərizəm əsasında keçirilən məhkəmə prosesində mənimlə bağlı mətbuat konfransında dediyi bütün fikirləri jurnalistlərin böhtanı adlandırıb. Deyib ki, mən o fikirləri səsləndirməmişəm, jürnalistlər özündən uydurub. Yasamal rayon hakimi Azər Tağıyev bu fikrin jurnalistlərə məxsus olduğu haqda gülünc qərar qəbul edib.
Bununla da Mahmud Mehdiyevi məsuliyyətdən xilas etməyə çalışıb. Məhkəmə də onu belə əsaslandırıb ki, mənim Mahmud Mehdiyevlə bağlı şikayətim hələ Apellyasiya Məhkəməsi instansiyasındadır. Ola bilsin ki, Apellyasiya Məhkəməsi qərarı ləğv etsin və Mahmud Mehdiyevi cəzalandırsın. Mən yenidən məhkəməyə müraciət edəcəm.
Mahmud Mehdiyev Apellyasiya Məhkəməsində cəzalandırılmasa, mən yenidən jurnalistləri məhkəməyə verəcəm. Və mənə böhtan atan şəxsin cəzalandırlmasını tələb edəcəm. Qərar əsassızdır, mən bundan Apellyasiya şikayəti verəcəm. Mahmud Mehdiyev mənə atdığı böhtanlara görə öz layiqli cəzasını alana kimi mübarizəmi davam etdirəcəm".
Qeyd edək ki, keçmiş deputat "Yurd TV"nin, "Palitra" və "Kaspi" qəzetlərinin, teleqraf.com, sia.az saytlarının əməkdaşlarını məhkəməyə vermişdi. G.Hacıbəyli jurnalistlərin xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edirdi.
G.Hacıbəyli keçmiş həyat yoldaşı Mahmud Mehdiyevi 2013-cü ilin mayında keçirdiyi mətbuat konfransında ona qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırıb.
Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin sabiq deputat Gültəkin Hacıbəylinin 9 jurnalistə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasını icraata götürməkdən imtina etdiyi haqda xəbəri Virtualaz.org saytı yayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az