Hacı Məmmədovun ailəsindən prezidentə - Müraciət

“Prezidentimizdən xahiş edirik, Hacı Məmmədovu bağışlasın”



"3 ildir ki, qardaşım bizimlə əlaqə saxlamır, zəng vurmur. Biz Hacını nə görürürük, nə eşidirik. Üç il bundan qabaq Hacı bizə dedi ki, yanıma gəlməyin".

AzNews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında hazırda həbsdə olan Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bacısı Arifə Məmmədova deyib.

A.Məmmədova qeyd edib ki, Hacı Məmmədov bütün ailəsindən imtina edib: "Bundan sonra da bütün əlaqələrimiz kəsilib. Ondan çox nigaranıq. Hacı nə evinə zəng edir, nə də ki, mən mənə. Əvvələr həmişə bizə zəng vururdu. Hacı hamıdan imtina edib. O razılıq verərsə, hamımız onun yanına gedərik. Anamız da 5-6 ay olar ki, dünyasını dəyişib. Onun anasının ölməsindən xəbəri də yoxdur. Biz dərdimizi kimə deyək?".

A. Məmmədova daha sonra Hacı Məmmədovun ailəsindən söz açıb. Bildirib ki, Hacı Məmmədovun böyük qızı ingilis vətəndaşı ilə ailə həyatı qurub və Azərbaycandan gedib.

Bacısının sözlərinə görə, H. Məmmədovun oğlunun atası ilə əlaqə saxlamaq cəhdləri baş tutmur:

"Hacının iki qızı var. Balaca qızının adı Aykadır. Ailə həyatı qurub və Almaniyada yaşayır. O, biri qızının da çox normal həyatı var. Ailəsi Hacıya heç nə göndərmir. Çünki özü bundan imtina edib. Hacının iki həyat yoldaşı var idi. Hacının ikinci həyat yoldaşından olan qızı da evlidir. Hacının Teymur adlı bir oğlu da var. Teymur işləyir. Ailə həyatı qurub. Azərbaycanda yaşayır. Teymur Hacının birinci həyat yaldaşından olan övladıdır. Teymur firmada adi bir işçidir. Hacı yəqin indi çox qocalıb. İki il bundan qabaq Hacının yanında televizor, dvd, hər şey var idi. İndi isə onun yanında nə var, nə yox, biz heç nə bilmirik. O, vəkildən imtina edir. Biz onunla necə münasibətlərimizi düzəldək? Vəkil də yoxdur ki, biz Hacının barəsində ondan məlumat alaq.

Teymur neçə dəfə MTN-nə zəng vurub. Oradan bildirilib ki, Hacının vəziyyəti yaxşıdır, amma sizi görmək istəmir. Mən böyük bacısıyam. O. övladlarından heç olmasa imtina etməməlidir. Hacının iki nəvəsi babasının yolunu gözləyir".

A.Məmmədova qardaşının keçmiş dostlarının onlarla maraqlanmadığını vurğulayıb. O, daha sonra qardaşının törətdiyi cinayətlərdən söhbət açıb. O, qardaşının əfv olunması ilə bağlı istəyini də dilə gətirib: "Hacı kimi yaxşı adam yox idi. Biz evin içində ola-ola onun cinayətlərindən xəbərimiz olmayıb. Mən qardaşımın prezident tərəfindən əfv olunmasını istəyirəm. Əfv olunsun və qayıtsın yanımıza. O, çox yazıq insandır. Biz gələcək də onun əfv olunması ilə bağlı prezidentə müraciət edəcəyik".

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.