Ceyhun Musaoğlu Ceyhun Musaoğlu

Qırxım çıxdı

Ceyhun Musaoğlu



İməkləyə-iməkləyə ikinci mərtəbənin tamamlanmamış döşəməsinin kənarına qədər gəlmişəm. Əlimi qabağa atsaydım, birinci mərtəbənin zirzəmisinə yığılan çay daşlarının üstünə yıxılcaqdım - anam danışıb. Qəfildən gözlərini açıb və görüb.

Özümü götürüb, həyatımısa uçurum kənarlarından yığışdırmaq mümkün olmayıb. Valideyn övladına dünya verir, həyat verə bilmir. Hərdən düşünürəm, eləcə dünya var, həyat yoxdu. Biz onu qondarırıq.

Unutmamışam, 1996-cı ilin məşum günlərinin birində düşmən səhər açılan kimi, onun ayağı altında səngər qazıldığını görüb, bizi güllə - barana tutdu. Cavab verməli deyildik. Guya yayındırırdıq; düşmənə səngərdə heç kim yoxdur fırıldağı gəlirdik. Bu dəfə də uçurumun kənarındaydım. Qərar belədi: atmayacağıq. Avtomatın əvəzinə əlimə kitab götürmüşdüm - özümlə gəzdirirdim- Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" romanını oxuyurdum. Onlar atır, mənsə Xınalı Yapıncağa qoşulub "İzmir" parkını gəzirdim.

Başqa həyata düşmüşdüm, amma həmin dünya idi. Bizə cavab atəşi açmaq əmri verəndə artıq bir əsgərimiz öldürülmüşdü. Lənkərandanıydı. Heç vaxt xəyal qurmurdu. Deyirdi, mənim həyatım budur-səngər və silah. O, öz həyatına qoşulub, ora getdi, mən qondardığım həyata qoşulub bura gəldim.

Əsl həyatımı qapıdan çox qovmuşam. Cəmi bir məkan tanıyır, o da uçurum. Elə ki, məni özünə qoşur, düz həmin məkana gətirir. Sırtıqcasına üzümə hırıldayır. Hırıldamğından oxuyuram: "Get, gələcək bir addım qabaqdadır". Onun zəif yerini tutmuşam; elə ki, əlimə kitab alıram, yaxınlaşmağa qorxur, kənarda oturub boynunu bükür.

Deyirlər, Rafiq Tağını da birinci ölümündən kitab xilas eləmişdi. Blindajda Markesim həmişə olurdu. İndi anlayıram ki, Markesə görə ölmürdüm. Çek Londonun "Yaşamaq eşqi" varkən, niyə mənə güllə dəyməliydi? Dabanımı deşib, saçıma toxunub, budağı başıma çırpıb, özümə dəyməyib ki, dəyməyib. Sonradan xatırlayıram, blindajda qoyduğum buşlatın cibində Nazim Hikmətin vərəqlərə köçürdüyüm şeirləri olub.

"Mən səninəm", - deyən həyatdan həmişə qaçdım. Özüm tapmalıyam, yaşamaq istədiyim həyatı özüm qurmalıyam. Asan başa gəlmir, sonundasa xilas var.

Artıq qırxım çıxıb. Daha qorxum yoxdur. Dünən saat 12-dən sonra həyatımı yanıma çağırdım. Əvvəl çaşdı, həmişə o, çağırardı, sonra səsimin tonundanmı, saçımın rəngindənmi, alnımın qırışındanmı anladı ki, qırxı çıxan adamların dedikləri birinci söz elə onların sonuncu sözüdür. Gəldi, üz-üzə dayandıq. Əvvəllər mən gözlərimi ondan gizlədərdim, indi o, utanırdı. Bu qırx ildə nə vermişdisə, gözlərimdəydi. Necə baxsın? Baxsa, ordakı uçurumlara yuvarlanardı.

Heç nə danışmadıq. Ona bir kitab bağışladım. Kitabın iki adı vardı: "Doğulmaq qadağandı", "Yaşamaq möcüzədi". O üzünə də çevirib, adını oxudu, bu üzünə də çevirib, adını oxudu. Mənim həyatım nə qədər əzazil olsa da, ağıllıdı. Anladı ki, kitabın adlarını o, yazdırıb. O, məcbur edib, belə düşünmüşəm. Qəddini əyib, getdi. Anladı ki, həyat adamı məcbur edirsə, deməli, pis həyatdır.

Mən həyatımı dəyişdim. Artıq qırxım da çıxdı. Ruhum şad olsun deyə, başımın üstündə kitab oxuyun, dostlar. Başının altında kitab olan dostlarınızdan muğayat olun, dostlar. Onları öz həyatlarına qurban getməyə - uçuruma yuvarlanmağa qoymayın. Alın, həyatlarını onların əlindən, alın!