ANS-in Ceyhun Əsgərov biabırçılığı – Təkzibə məcburetmə

“Mən həqiqətən də ANS-dən ayrılmışam. Amma məni oradan çıxarmayıblar, öz ərizəmlə işdən azad olunmağımı istəmişəm”.



Bunu AzNews.az-a ANS ÇM-də axşam tok-şousunun aparıcısı və texniki direktoru Türkay Ələsgərov deyib. Onun sözlərinə görə, rəhbərliklə hər-hansı problemi olmayıb: "Rəhbərliklə hər-hansı problemim yox idi. Sadəcə olaraq başqa işlərim də olduğundan vaxt problemi yaşayırdım".

Türkay Ələsgərov ANS ÇM-in baş redaktoru Ceyhun Əsgərovun işdən çıxmasını da təsdiqləyib:
"Mən işdən çıxandan bir neçə gün sonra eşitdim ki, Ceyhunu vəzifəsindən azad ediblər. Bu barədə onun özü ilə də danışmışıq".

Qeyd edək ki, iki gün əvvəl ANS-də bir neçə rəhbər şəxsin işdən qovulması ilə bağlı yayımladığımız xəbər şirkətdə qalmaqal yaradıb. Dünən isə qovulanlar sırasında birinci olan Ceyhun Əsgərov "Anspress"ə açıqlama verərək, yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Kütləvi çıxarılmalarla bağlı xəbəri redaksiyamıza ötürən mənbə iddia edir ki, o, belə bir yalan açıqlama verməyə məcbur edilib. Türkay Ələsgərovun dedikləri də buna sübut kimi göstərilə bilər.

Məsələ ilə bağlı əməkdaşımız Ceyhun Əsgərovla əlaqə saxlayıb. O isə bu barədə heç bir açıqlama verməyəcəyini deyərək telefonu söndürüb.

AzNews.az olaraq bir daha dəqiqləşdirdik ki, son günlərdə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərov, texniki direktor və axşam tok-şousunun aparıcısı Türkay Ələsgərovdan başqa səhər tok-şousunun aparıcısı Xəyal və prodüserlər – Südabə və Samir Abdulla da işdən azad olunublar.

İki gün öncəki xəbəri və Ceyhun Əsgərovun təkzibini bu linklərdən oxuya bilərsiniz:

http://www.aznews.az/index.php?c=news&id=77015

http://www.aznews.az/index.php?c=news&id=77112