Müəllim niyə fəhləlik edə bilməz? – Ekspert deputatı tənbeh etdi

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin ölkə müəllimləri haqda işlətdiyi “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır” ifadəsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Təhsil eksperti Əjdər Ağayev bununla bağlı öz fikirlərini AzNews.az-la bölüşüb.



Onun sözlərinə görə, müəllim daş qaldıran, fəhləlik edən bir şəxs deyil: "Müəllim bəşəriyyəti formalaşdıran, insanı kamilləşdirən bir qüvvədir. Hər kəs müəlliminin kim olduğunu başa düşməli və onun qiymətini verməlidir. Əgər həqiqətən millət vəkili Hadı Rəcəbli müəllimləri aşağılayan söz deyibsə, mən bunu böyük qəbahət hesab edirəm və Hadı müəllimin pedaqoji prosesə nabələnd adam olduğunu görürəm. Ondan belə bir fikir gözləməzdim. Millət vəkili Hadı Rəcəblinin nəzərinə çatdırıram ki, müəllim 6 saat dərs verməklə kifayətlənmir. O, 6 saat dərs demək üçün 10 saat hazırlaşır. Kitabxanada oxuyur, düşünür, metod tapır, uşaqları da buna hazırlayır. Belə olan şəraitdə müəllim sinifə girib çıxdıqdan sonra daş daşımağa getməlidir? Bu gün müəllimin işi daha da çətinləşib. O, müasir texnologiyaları bilməlidir ki, sinifdə şagirdə nəyisə aşılasın. Onun daş daşımağa vaxtı qalır? Müəllimin şagird qarşısında geydiyi paltarı da yüksək mədəniyyət səviyyəsində olmalıdır. Müəllimə xususi qayğı göstərilməlidir".

Ekspert hesab edir ki, müəllimlər cəmiyyətdə nikbin insanlardır:
"Bu nikbinliyi bədbinliyə çevirmək və müəllimin inamının qabağına daş qoymaq nəyə və kimə lazımdır? Elə etmək istəyirlər ki, müəllim həm inamını itirsin, öz işindən ayrılsın və cəmiyyətdən küssün. Bu bağışlanmaz günahdır. Bəlkə Hadı müəllim o sözləri düşünmədən deyib. Deputatın dilindən bu ifadəni eşitmək qəbuledilməz haldır".

Qeyd edək ki, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli müəllimlər haqda o ifadələri Trend-ə müsahibəsi zamanı bildirib və dediklərinin sübutu kimi bir misal da çəkib:
"Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?".

Bahar RÜSTƏMLİ
AzNews.az