Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülməsi mətbuatın gündəmindən düşmür. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülməsi mətbuatın gündəmindən düşmür.

Ülkər olayında mətbuatın “suçu”: biz harada səhv etdik-RƏYLƏR

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülməsi mətbuatın gündəmindən düşmür.

KİV nümayəndələrinin bu məsələyə xüsusi diqqət yetirməsi, hadisədə iştirak edənlərin şəxsi həyatı ilə bağlı məlumatların dərci cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə yenə mətbuat hədəfə alınıb və jurnalistlər insanların şəxsi həyatına müdaxilə etməkdə suçlanıb.

İradlar nə dərəcədə doğrudur? Bu məsələdə mətbuatın tutduğu mövqe jurnalistikanın prinsiplərinə uyğundurmu? Ümumiyyətlə, belə bir situasiyada mətbuat necə davranmalıdır?

AzNews.az bu suallarla tanınmış KİV rəhbərlərinə, mütəxəssislərə müraciət edib.
Cavabları təqdim edirik:



APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı: "Bu hadisənin ictimai mahiyyəti var, çünki küçədə şəxsi həyat olmur. Küçədə baş verən və ictimai asayışı pozan istənilən hadisə media üçün müzakirə mövzusudur. Bu məsələnin medianın gündəminə gəlməsinə əsas səbəb tərəflərdən birinin tanınmış ziyalının qızı olması və məhkəmənin verdiyi qərar olub. Mən medianın bu məsələyə Ülkər İsayevanın uşağının qatılmasını, onun şəkillərinin mediada yayılmasının əleyhinəyəm. Xanımın keçmiş həyat yoldaşını isə məsələyə onun keçmiş həyat yoldaşı və atası qatıb. Media isə bu məsələdə sadəcə funksiyasını yerinə yetirib və barəsində ittiham səslənən adama cavab haqqı tanıyıb".


Media eksperti Qulu Məhərəmli: "Bəli, mətbuatın qınaq atəşinə tutulması düzgündür. Azərbaycan mətbuatı bütün məsələlərdə olduğu kimi qeyri-peşəkar ictimai-əhəmiyyət olmayan hadisəni bu dərəcədə şişirtmək, onu gündəmdə saxlamağın heç bir əhəmiyyət daşımır. İnsanların bəzi hallarda şəxsi həyatına müdaxilədir. Cəmiyyət üçün ictimai təhlükə yaradacaq nə var ki, məsələ bu dərəcədə şişirdilir. Ona görə mən hesab edirəm ki, sosial şəbəkələrdə mətbuat tamamiylə haqlı tənqid olunur. Burada bir qərəz, bir niyyət, gizli məqsəd hiss edirəm. məsələ həddindən artıq köklənib və məqsədli şəkildə yayılır. Hansısa bir əl idarə edir. Hadisə oldu və getdi".


Müsavat.com saytının baş redaktoru Xalid Kazımlı: "Bu məsələyə birmənalı yanaşmaq düzgün olmaz. Hər iki tərəfin haqlı və haqsız olduğu məqamlar var. Məsələn, ictimai yerdə, küçədə baş vermiş cinayət hadisəsi barədə yazmaq medianın müstəsna hüququdur. Bunu ona heç kəs qadağan edə bilməz. Ancaq mediada bu istiqamətdə bir yerə qədər irəliləyə bilər, qırmızı xəttə çatanda dayanmalıdır. Təəssüf ki, Hamlet İsaxanlının qızının məsələsində proses son illərdə adət halını almış trayektoriya üzrə getdi. Bu işdə adı keçən adamların hamısına dair ələ keçirilən faktların, fotoların, videoların, hər şeyin tirajlanması üzrə yarış gedir. Bu isə yanlışdır. Məsələyə birbaşa dəxli olmayan şeylərdən nəyə görə yazılmalıdır? Onsuz da xoşagəlməz bir duruma düşmüş adamları sonuna qədər rəzil və məhv etmək təşəbbüsləri görürəm... Ancaq qarşı tərəf də media ilə münasibətlərdə səmimi olmalıydı, susmaq lazım gələn yerlərdə yalan danışmamalıydılar".



"AZADİNFORM" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev: "Bu və ya bu kimi məsələlərdə mətbuatın qınanmasını qəbul etmirəm. Azərbaycanda söz və mətbuat azadlığı var. Kimliyindən asılı olmayaraq ictimai asayişi pozan və yaxud da biri-digərinə fiziki zorakılıq yetirən halların ictimailəşdirilməsi medianın işidir. Düşünürəm ki, media konkret Ülkər İsayev məsələsində heç bir etik çərçivəni pozmayıb. Nəzərə alsaq ki, Ülkər İsayevin atası böyük bir universitetin sahibidir, ictimai xadimdir və bu xanım özü də elə həmin təhsil ocağında mühüm vəzifələr tutur, İnsan resursları üzrə direktor vəzifəsində çalışır, eyni zamanda Psixologiya üzrə Akademik Departamentin koordinatorudur. Belə olan halda bu xanım davranışlarına diqqət etməli, daşıdığı vəzifələrin məsuliyyətini dərk etməli idi. Əlbəttə, əylənmək və digər istirahət metodları hamı kimi Ü.İsayevanın da hüququdur, medianın bununla işi yoxdur, amma təpiklənmək, təhqir olunmaq və bunun ardınca kimlərisə cinayətdən yayındırmaq kimi üsullara əl atmaq vəziyyətdən çıxış yolu deyildi. Tərəflərin baş-ayaq açıqlamaları bu məsələnin daha da dərinləşməsinə və medianın gündəmini zəbt etməsinə gətirib çıxartdı".


Axar.az saytının redaktoru Pərviz Cəbrayıl: "Mətbuatın işi xəbərləməkdi. Tərəfsiz, mövqesiz. Kimsənin şəxsiyyətini aşağılamadan verilən xəbərə görə, hələ-hələ xəbər obyekti ictimailəşmiş şəxsdirsə, buna görə mətbuatı qınamaq heç bir məntiqə sığmır. Mətbuatın işi, istehsalatı elə bunun üzərində qurulub. Qəzet, sayt çörək istehsal etməyəcək ki! Nə qədər mümkünsə, baş verənləri xəbərləyəcəksən, vəssalam. Nə qədər mümkünsə!".



Qaynar.info-un rəhbəri Zahir Əzəmət: "Digər mediaları qınamaq kimi bir fikrim yoxdur. Hər medianın belə mövzularda sərbəst qərar vermək, öz informasiya siyasətini müstəqil müəyyənləşdirmək hüququ var. Amma Qaynar.info olaraq biz "Lamiyə olayından" özümüzə bir dərs aldıq. Qərara gəldik ki, heç də hər şey oxucu marağına qurban verilməməlidir. Ona görə də son məsələdə biz kənarda dayandıq, bu mövzu ilə bağlı yalnız bir xəbər verib, kənarda dayandıq. Hesab edirəm ki, mediaya bəzən bilərəkdən sızdırılan belə informasiyalara qarşı ayıq davranmalı, kimlərinsə alətinə çevrilməməliyik. Əlbəttə, kiminsə hansısa adddımı ictmai maraqlara zərbə vurursa, bunu işıqlandırma lazımdır. Amma heç kimə dəxli olmayan özəl həyatla bağlı media bacardıqca həssas davranmalıdır deyə düşünürəm".



Jurnalist Natiq Cavadlı: "Xeyr, doru deyil. İkinci, bu hadisələr zamanı İsa Peyğəmbərin "birinci daşı günahı olmayan atsın" fikrini xatırladım. Təəssüf ki, həmkarlarım məsələyə hüququ yanaşmaq əvəzinə qınaq məsələsini qabartdılar. Niyə? Qınaq şəklində sual qoyulurdu ki, gecə saat 4-də xanım küçədə, yaxud restoranda nə gəzir? Bu sualı verməyin özü ayıbdır, Ülkər xanım şəxsi həyatına müdaxilədir. Özü bilər, nə vaxt harda istirahət edir. Əksinə, sual verilməlidir ki, həmin videokadrlar hansı qanunvericiliyə əsasən mediaya ötürülür, bu qanunidirmu? Araşdırma bu istiqamətdə getməliydi, yoxsa xanımın şəkillərin paylaşmaq və müxtəlif fikirlərlə onu ittiham etmək yumşaq desək ayıb və dünyəvi cəmiyyət qurmaq istəyən bizlər üçün aşağılanmaqdan başqa bir şey deyil. Bəli, qadın döyülüb, amma bu fakt qalıb kənarda, o, gecə zamanı küçədə nə gəzirdi sualı ətrafında ittihamlar, versiyalar və şəkillər paylaşıldı. Təəssüf".


Lent.az saytının redaktoru Səbuhi Məmmədli: "Bu məsələdə medianin bircə səhvi var ki, o da adların çəkilməsidir. Söhbət Ülkərin və ya qondarma Katyanın döyülməsindən gedir (Ad çəkmədən o zorakılq pislənməliydi). İstər Zaur və Elin, lap elə Ülkər ya Katya bu onların şəxsi həyatıdır. Bunu qabartmaq yalnışlıq idi. Çox təəsüf ki, Azərbaycan mediası adı elementar qaydaları dərk etmək gücündə deyil".


Azvizion.az saytının baş redaktoru Vüsal Məmmədov: "Düzgün deyil. Adam saat neçədə olub, harada olub, kiminlə olub - özü bilər. Biz heç kimə yengəlik etməli deyilik. Bir insan əgər hətta ən pis, ən əxlaqsız həyat tərzini belə, ancaq özü yaşayır, təbliğ etmirsə, bu, onun şəxsi işidir. Yetkinlik yaşına çatmış insan öz həyatı və öz bədəni ilə necə istrəyirsə, elə də davrana bilər, bu, onun müstəsna hüququdur".


Bahar RÜSTƏMLİ
AzNews.az