Bakıdakı bütün bağlı yollar 2-3 günə açılacaq - Sürücülərə şad xəbər

Aparılan təmir işləri ilə əlaqədar Bakının mərkəzində bağlanan bütün yollar yaxın 2-3 gündə açılaraq istifadəyə veriləcək.



AzNews.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, martın 26-sı səhər saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb: "Hazırda həmin ərazidə köhnə asfalt-beton örtüyünün qaşınması işləri gedir. Sabahdan etibarən isə ora yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq".

Bundan əlavə, P.Mürsəliyev qeyd edib ki, dünən saat 23:00-dən etibarən isə təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda, Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlanıb: "Orada da köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Axşam saatlarınadək orada yeni örtüyün döşənməsi işləri yekunlacaq".

"Azəryolservis"in sözçüsü bildirib ki, artıq bəzi yollarda işlər tamamlanmaq üzrədir: "Hazırda Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində son tamamlanma işləri aparılır. Burada xətlənmə işləri uzunömürlü isti və soyuq boyalardan istifadə edilməklə aparılır. Artıq bu gün saat 13-14 radələrində yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün açılacaq. Həmçinin Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işləri davam etdirilir. Artıq küçə boyu yeni asfalt-beton örtüyü döşənir. Bundan əlavə, 20 Yanvar dairəsi, Bakı dairəvi yolunda təmir işləri davam edir. Dünən Süleyman Rüstəm küçəsində görülən işlər başa çatdırılıb. Hazırda orada kommunikasiya quyularının dəmir-beton plitələrinin qapaqları dəyişdirilir. Sabahdan orada da işlər yekunlaşacaq. Ümumiyyətlə yaxın 2-3 gün ərzində Bakının mərkəzində bağlanan bütün yollarda aparılan bütün işləri tamamilə yekunlaşdırmaq fikrindəyik".