Onda mələkdən nişanə var - Deputata həsr olunub

Ceyhun Musaoğlu
Adı və soyadı bütün titullarından əvvəl gələn, qeyri-adi adam kimi tarixin birinci səhifəsində dünya durduqca qalacaq Aqil Abbasın doğum gününə heç vaxt yazı həsr etmədim. Bir yazar hər gün doğulan adam haqqında necə yaza bilər axı... Çatdırmaz.

Hər gün təzələnən adamdı, Aqil Abbas. Onda mələkdən nişanə var. Aqil Abbas simurq quşuna bənzəyir. Həm də ən vəfalı simurq quşuna. O, dara düşənlərin həmişə yanındadır. Daha adını çəkməyə, hansısa rituallar etməyə ehtiyac yoxdur. O, dara düşən adamı anındaca hiss edir. Min dəfə hiss olunan adam kimi, bunu sizə əminliklə deyirəm.
Jurnalistikada Aqil Abbasla işləmək xoşbəxtliyinə nəsib olanlardanam. "Ədalət"də çox yaşadım – bu qəzetdə bir vaxtlar çalışan bəlkə də bütün həmkarlarımdan daha çox.
Unutmamışam: "Alma" qəzeti şənbələrin birində nəşr olunmadı. Məhz şənbə günü bildik ki, qəzet çıxmayıb: səbəbindən xəbərimiz yoxdu; odlu-alovlu çıxışlar edirik; heç kim dəqiq informasiyaya malik deyil. Hətta təsisçi xəbər göndərib ki, gələn şənbə "Alma" bazarda olacaq. Elə həmin an Aqil Abbasdan telefonuma zəng gəlir. Onun səsini eşidirəm: "Bala, şələ-şüləni də yığışdırıb, "Ədalət"ə qayıt. Otağın və içərisində kompyüterin səni gözləyir". Aqil Abbasın bu dəvətini üçüncü dəfəydi eşidirdim. Birincisi 2003-cü ildə olmuşdu. Məni o düşərgənin bataqlığından çıxarıb, bu düşərgənin ciyər dolu havasına qonaq etmişdi. Sonradan ev sahibi vəsiqəsini də aldım. Bəs üçüncü? Bəs dördüncü dəvət nə vaxt olmuşdu? Yox, unutmamışam. Sadəcə o qədər tez-tez baş verirdi ki, adiləşirdi.
Hə, Aqil Abbas peyğəmbər səviyyəsində göstərdiyi münasibətini belə, ona xatırladanda "boş ver" deyib, elədiyi yaxşılığını adiləşdirməyi adi həyat tərzinə çevirən dahi insandı.
Onu redaksiyanın dəhlizində səhər tezdən nə vaxt görürdüksə, yazısı olacağını bilirdik. Yazırdı və son nöqtəni qoyan kimi "Musaoğlu, gəl yazını oxu" deyib gedirdi. Gedəndə mütləq əlavəsi də olurdu: "Necə istəyirsən, elə də düzəlt". Bu qədər sərbəst, bu qədər sadə, bu qədər duru bir yazarın yazdıqları da su içimi qədər rahat oxunmalıydı. Nöqtəsinə də toxunmurdum, əlbəttə, heç mümkün də deyildi.
Aqil Abbasın nə beynində, nə ürəyində tıxaca düşən söz yoxdu, heç vaxt da olmayıb. Bütün sözləri bir yerə yığıb, onlardan sizə "harda rahatdır"-deyə soruşsaq, Aqil Abbasın ürəyini, Aqil Abbasın beynini göstərərlər.
Sizi əsəbiləşdirdiyim çox olub, Aqil Abbas. Deməmisiz, üzümə vurmamısız. Beyninizi ağrıtmışam, ürəyinizi sıxmışam. Deməzdim səhv eləmişəm, deyərdim günah işlətmişəm. O beyin, o ürək hələ mənim xalqıma çox lazım olacaq. Siz yox, qoy xalqım günahımdan keçsin.
Mələk adam, Siz əbədi yaşamaq haqqı qazananlardansız. Siz hər gün doğulanlardansız. Varlığınızla bizi hər gün sevindirənlərdənsiz. Sevindirənsiz!