“O, məhkəmə hökmünü gizlətmişdi“ - İnsan alveri qalmaqalı

Bir müddət öncə Azərbaycandan deportasiya edilmiş Filippin vətəndaşı Llianto Fe Diazın dedikləri əsasında “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova barədə hazırladığımız məlumat böyük qalmaqala səbəb olmuşdu.

"Mehriban Zeynalovanın adı insan alverində hallanır" başlıqlı həmin yazıdan sora qarşı tərəf böyük mətbuat konfransı keçirərək, deyilənləri böhtan adlandırmış və həmin filippinlinin AzNews.az-a müsahibə verməsinin mümkün olmadığını bildirmişdi.

Bu gün meydan.tv Filippin vətəndaşı Llianto Fe Diazınla müsahibə yayımlayıb. Müsahibədə bizim yayımladığımız və buna görə də, böhtançılıqda suçlandığımız xəbərin bütün detalları açıqlanır. Oxucularımızdan xahiş edirik ki, məsələnin mahiyyətini öyrənmək üçün əvvəlcə BURADAN qalmaqala səbəb olan məlumatı oxusun, sonra isə facebook vasitəsilə götürülən müsahibəyə diqqət etsin:


-Siz Bakını necə tərk etdiniz?
-2015-ci ilin yanvar ayının 5-də Miqrasiya Xidmətindən zəng etdilər, Mehriban Zeynalova məni öz işçilərinin biri ilə Miqrasiya İdarəsinə göndərdi və onlar orada məni sorğu-suala tutdular. Mən onlara dəfələrlə dedim ki, Azərbaycandan getmək istəmirəm, çünki Ali Məhkəmədə Aynur Mehdiyevaya qarşı kasassiya şikayətimə baxılmalıdır və mən məhkəmələrimi davam etdirmək istəyirəm.

-Siz ölkəni tərk edərkən vəkiliniz Elçin Sadıqovla əlaqə saxlaya bildinizmi?

-Mən onlara (Miqrasiya Xidmətinin əməkdaşlarına) dedim ki, vəkilim Elçin Sadıqova zəng vurmaq istəyirəm. Hətta yalvardım ki, mənə heç olmasa 3 dəqiqə icazə verin, vəkilimlə danışım. Çox xahiş etdim ki, zəng vurmağım üçün əlimdən aldıqları telefonumu və batareyanı geri versinlər. Lakin bunun əvəzində, bir nəfər əməkdaş üstümə qışqırmağa başladı və dedi ki, bura məhkəmə deyil ki, vəkil istəyəsən. Dedi ki, ona zəng vurmağa ehtiyac yoxdur. Elçin Sadıqov Miqrasiya Xidmətində çalışmır və onlar vəkili tanımırlar. Həmin adam Dövlət Miqrasiya Xidmətində çalışır, mən onun adını dəqiq xatırlamıram, ancaq gərək ki, Cavad olmalıdır. Arıq və çox da hündür olmayan adamdır. Mən ona dedim ki, mənim üstümə qışqırmayın. O da dedi ki, əgər bunu istəmirsənsə, bu kağızları imzalamalısan və biz cəld aeroporta getməliyik. O, mənim telefonumun batareyasını götürdü, sonra məndən yenə başqa telefonum olub-olmadığını soruşdu və biz aeroportda olanda mənim telefonumu sındırdı.

-Sizin telefonunuzu konkret kim sındırdı?
-Mənim üstümə qışqıran və mənə vəkilim Elçin Sadıqova zəng vurmağa icazə verməyən adam. Ondan sonra mən telefonumdan istifadə edə bilmədim, o, yararsız idi.

-Dostlarınıza demisiniz ki, Mehriban Zeynalova sizə Azərbaycanı tərk etməli olduğunuzu ona Bakıda qalıb burada ailə qurmaq istədiyinizi dediyiniz günün ertəsi bildirib. Sizcə, o, niyə ölkəni tərk etməyinizi istəyib?

-Bəli, mən Mehriban xanıma 5 yanvar tarixində zarafatla demişəm ki, Azərbaycanda qalmaq üçün ailə qurmağa haradan adam tapa bilərəm? Çünki mən Aynur Mehdiyevaya qarşı şikayətlərimi davam etdirəcəyəm və onun mənə etdiklərinin əvəzində xoşbəxt olmasına imkan verməyəcəyəm. Mehriban Zeynalova isə mənə dedi ki, ölkəni dərhal tərk etməliyəm və mənim məhkəməm 2014-cü ilin 19 mayında bitib.

-Məhkəməyə şikayət vermək hüququnuzun olduğunu kimdən öyrəndiniz?
-Mən Mehriban Zeynalovaya dedim ki, Əlövsət Əliyev mənə Ali Məhkəməyə kassasiya şikayəti verə biləcəyimi izah edib. Mehriban dedi ki, sən niyə Ali Məhkəməyə şikayət verirsən? Nə istəyirsən? Mən də ona dedim ki, mən Aynur Mehdiyevanın cəzalandırılmasını və bir də heç vaxt başqa şəxslərə qarşı, xüsusilə də, mənim kimi kasıb və köməksiz insanlara qarşı belə davranmasına imkan verilməməsini istəyirəm.

-Bəs cavab nə oldu?
-O dedi ki, məni başa düşür, lakin mən öz ölkəmə qayıtmalıyam, çünki sığınacaqda vizasız qaldığım üçün Miqrasiya İdarəsi ona irad bildirir. Mən Mehriban xanıma Azərbaycandan getmək istəmədiyimi dedim və ondan burada qalmaq üçün yardım istədim.



-Sizcə, o, necə kömək edə bilərdi və niyə etmədi?
-Mən ondan vizamın uzadılmasına kömək etməsini xahiş etdim. O dedi ki, bu, mümkün deyil, mən ölkəni tərk etməliyəm və bundan sonra mənə öz qonağı kimi dəvət göndərəcək və Azərbaycana gələ biləcəyəm. Mən, imtina etdim. Mən ona dedim ki, əgər ölkədən çıxmağım vacibdirsə, mən əvvəlcə viza alıb sonra rahat qayıtmaq istəyirəm. Çünki buradakılar hesab edir ki, mən məhkəməyə müraciət etməklə onlar üçün problemlər yaradıram və mənim ölkəyə daxil olmağıma qadağa qoya və məni deportasiya edə bilərlər. Miqrasiya Xidmətində məni sorğu-sual edən iki nəfər əməkdaşa da, Mehriban Zeynalovaya da dəfələrlə Azərbaycandan getmək istəmədiyimi, heç olmasa, viza alandan sonra gedib, qayıdacağımı demişəm. Çünki vizasız ölkəni tərk edəcəyim halda, ölkəyə girişimə yasaq qoyulacağını bilirdim. Miqrasiya xidmətinin hər iki əməkdaşı da, Mehriban Zeynalova da israrla ölkəyə girişimə yasaq qoyulacağını kimdən eşitdiyimi soruşurdular. Miqrasiya Xidmətində mənə dedilər ki, mənə kömək etmək istəyirlər. Dedim ki, mənə kömək etmək istəyirsinizsə, niyə məni məcburən Filippinə göndərmək istəyirsiniz? Bu, necə köməkdir? Mənə gerçəkdən də kömək etmək istəyirsinizsə, burada qalmağıma və yarımçıq məhkəmə işlərimi davam etməyimə kömək edin. Miqrasiya Xidməti əməkdaşları ilə aramızda olan söhbəti tam şəkildə Mehriban xanıma danışdım. Həmin gün, yanvar ayının 5-də Miqrasiya Xidmətinin bir əməkdaşı mənim pasportumu aldı və sonra onu Mehriban xanımın "Seva" adlı işçisinə qaytardı. Biz maşına əyləşəndə, mən "Seva"dan pasportumu istədim. O dedi ki, pasportun fotosurətini çıxarmalıdırlar. Sığınacağa qayıtdıqdan sonra Mehribanla söhbət edəndə ondan pasportumun harada olduğunu soruşdum. Mehriban mənə "Pasport sənin nəyinə lazımdır? Hara gedirsən?" dedi. "Mən sadəcə, pasportumun harada olduğunu soruşdum" dedim. Mehriban mənim pasportumu götürdü və onlar məndən Filippindəki tam ünvanımı, hansı aeroportun yaxın olduğunu soruşmağa başladılar. Mən onlardan soruşdum: "Bu məlumatlar sizə nə üçün lazımdır? Mənə bilet alırsınız?". Onlar "Yox, yox, sadəcə, sənin haqqında məlumat toplamaq üçün soruşuruq"- dedilər. Bu zaman İnsan Alveri İdarəsinin əməkdaşı olan Fuad da orada idi. Mən sığınacağın əməkdaşından da "mənə bilet alırlar?" soruşdum, lakin o da bunu qəti şəkildə inkar etdi.

-Məndə olan məlumata görə, siz yardım üçün BMT-yə müraciət etməli idiniz. Bu müraciəti edə bildinizmi?

-Mehriban mənə BMT-yə müraciət etməyə imkan vermirdi. O deyirdi ki, bu təşkilat sənə kömək edə bilməz. Lakin mən nəhayət ki, onun sözündən çıxıb, BMT-yə getdim. Bu məqsədlə mən ilk dəfə olaraq Mehribanın icazəsi olmadan sığınacağı tərk etdim, çünki mən özümə kömək etməli idim və Aynur Mehdiyevaya qarşı məhkəmələrim bitməmiş Azərbaycandan getmək istəmirdim. Mən sığınacağı 6 yanvar 2015-ci ildə, səhər erkən tərk etdim. Lakin 5 yanvarda, Mehribanla söhbətdən sonra mən Əlövsət Əliyevlə danışmışdım və pasportumun əlimdən alındığını ona demişdim. Belə razılaşdıq ki, mən BMT-yə və Beynəlxalq Miqrasiya Təşkilatına müraciət edim. Mən BMT-yə məktub yazdım və Azərbaycanda qalmağıma yardım istədim. 6 yanvar tarixində, səhər BMT mənə Azərbaycanda qalmaq üçün ilkin iki həftəlik himayə sənədi verəndə çox sevindim. Çünki BMT-də mənə izah etdilər ki, bu himayə sənədi ilə 6-21 yanvar tarixlərində heç kim məni narahat edə və ölkədən deportasiya edə bilməz. Mən himayə sənədini qarşılaşdığım bütün miqrasiya işçilərinə göstərdim. Lakin onlar məni aldatdılar və Bakıya dönüş üçün saxta elektron bilet verdilər. Mən heç bir sənədə imza atmaq istəməyəndə və vəkilim Elçin Sadıqova zəng vurmaq istəyəndə üstümə qışqırdılar, vəkilimi çağırmayacaqlarını və təcili hava limanına getməli olduğumuzu dedilər. Onlar hətta mənə həmin bileti Bakıda yoxlamağa imkan vermədilər və yalnız Filippin aeroportunda həmin elektron biletin saxta olduğunu öyrəndim. Onlar məni aldatmışdılar! Mən heç kimə qarşı deyiləm, cəzalandırılmasını istədiyim yeganə şəxs Aynur Mehdiyevadır. Lakin hələ də anlaya bilmirəm ki, niyə Mehriban Zeynalova mənim getməli olduğumda təkid edirdi, niyə pasportumu əlimdən aldı və məndən Filippinlə, yəni, biletlə bağlı detalları soruşurdu? Mən bir il yeddi ay vaxtımı ona görə itirdim ki, Aynur Mehdiyevanın cəzalanacağını gözləyirdim, lakin o, cəzasız qaldı. Bəs Mehriban xanım niyə Aynur Mehdiyevanı müdafiə edir? Bunun səbəbi nədir? Bəlkə Aynur Mehdiyeva yaxşı adamdır, o zaman bu məhkəmələr, bu ittiham nədir, mən niyə şikayətimdə belə təkid edirəm? Məgər, mən yalan danışıram? Axı o niyə Aynur Mehdiyevanı müdafiə etməlidir? Mehriban xanım mənim adıma Bakı Ağır Cinayətlər Məhkəməsindən göndərilən məhkəmə hökmünü də gizlətmişdi. Əgər Əlövsət Əliyevin hüquqşünası apellyasiya şikayəti vermə müddətinin bitməsinə cəmi üç gün qalmış məhkəmə hökmünü məndən istəməsəydi və müddətin bitmək üzrə olduğunu deməsə idi, mən apellyasiya şikayəti verə bilməyəcəkdim və sonradan da şikayət üçün bütün hüquqi imkanları itirəcəkdim. Çünki Mehriban xanım bunu deməmiş və məni məlumatlandırmamışdı. Lakin mən 19 may 2014-cü il tarixli məhkəmə hökmündən sonra apellyasiya şikayəti vermək niyyətində olduğumu tanıdığım hər kəsə demişdim.