Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənddən olan idmançı Bəxtiyar Abbasovun Moskvada keçirilən sambo idman növü üzrə yarışda Ermənistan himnini oturaraq dinləməsinə münasibət bildirib. Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənddən olan idmançı Bəxtiyar Abbasovun Moskvada keçirilən sambo idman növü üzrə yarışda Ermənistan himnini oturaraq dinləməsinə münasibət bildirib.

İcra başçısı qalmaqallı samboçudan danışdı: “O, bizim fəxrimizdir”

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənddən olan idmançı Bəxtiyar Abbasovun Moskvada keçirilən sambo idman növü üzrə yarışda Ermənistan himnini oturaraq dinləməsinə münasibət bildirib.



E.Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, Şəhriyar və Bəxtiyar Abbasov qardaşları bütün xocavəndlilərin fəxridir və onun hərəkətini anlayışla qarşılayırlar: "Bəxtiyar Abbasov Moskvadakı yarışda yarımfinala gələnə kimi xal vermədən bütün rəqiblərini məğlub edib. Finala çıxmaq üçün keçirilən görüşdə onu rus samboçusuna uduzdurublar. Hakimlər ona xəbərdarlıq verərək qəsdən uduzdurublar. Əgər finala çıxsaydı, Bəxtiyar ermənini asanlıqla məğlub edəcəkdi".


E.Hüseynov bildirib ki, Bəxtiyar Abbasov Xocavəndin Qaradağlı kəndində anadan olub. Onun məşqçisi isə böyük qardaşı Şəhriyar Abbasovdur: "Onların 78 nəfər qohum-əqrəbası ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Neçə illərdir ki, bizə, bütün Azərbaycana qarşı bu haqsızlıq davam edir və indi Moskvada da idmançımıza haqsızlıq ediblər. Bəxtiyar bu haqsızlığa qarşı öz münasibətini necə ifadə edə bilərdi ki? O, Qaradağlı soyqırımına, ermənilərin törətdikləri cinayətlərə, Azərbaycanın başına gətirilən müsibətlərə, bir sözlə, bütün haqsızlıqlara qarşı öz münasibətini belə bildirib. Onu tənqid edərkən düşünmək lazımdır ki, bu insan kimdir, hansı ailədən çıxıb, nələri itirib, nələri gözü ilə görüb. Onun qohum-əqrəbasını, düz 36 nəfəri ermənilər silos quyusunda yandırıb, başlarını kəsib. O himnin altında Bəxtiyar necə dayana bilərdi ki"?

E.Hüseynov əlavə edib ki, B.Abbasov fəxri kürsüyə çıxmaq istəməyib: "Bəxtiyar etiraz edib, lakin ondan kürsüyə çıxmasını tələb ediblər. O da etirazını belə bildirib. Bir də ki, fikir verin, erməninin sağında-solunda dayananlar da onun himninə hörmətlə dayanmayıblar, ora-bura baxıblar".

İcra başçısı qeyd edib ki, bütün xocavəndlilər Abbasov qardaşları ilə fəxr edir: "Mən özüm də daxil olmaqla, hamımız onlarla fəxr edirik. Onlar mənim qardaşımdır. Bütün Azərbaycan da onlarla fəxr etməlidir".

Qeyd edək ki, B.Abbasov məlum hərəkətinə görə ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək. Yaxın vaxtlarda Beynəlxalq Sambo Federasiyasının FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək.