Gənclər İlk Avropa Oyunlarına dəstək verəcək

“Gənclərdən İlk Avropa Oyunlarına yaradıcı dəstək” adlı layihə çərçivəsində müxtəlif şəhərlərdə festivallar keçiriləcək. Bu barədə AzNews.az-a Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib. Bildirib ki, festivalların keçirilməsi üçün iki şəhər Gəncə və Mingəçevir seçilib.

Yaxın günlərdə baş tutacaq festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkənin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verəcəklər.

Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar keçiriləcək. Avropa Oyunlarının Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, festival çərçivəsində Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaq.

Hazırda hər 2 şəhərdə bu festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilir, tədbirin proqramı üzərində iş aparılır.

Qeyd edək ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayacaq.
image description