Azərbaycanda qadınlar kişilərdən çoxdur

Azərbaycan əhalisinin sayı cari ilin əvvəlindən 91,7 min nəfər artaraq 2012-ci il oktyabrın 1-inə kimi 9,327 mln. nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 108 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1015 qadın düşür.

Qeyd edək ki, 2012-ci ilin doqquz ayı ərzində 131,2 min və ya hər gün orta hesabla 479 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 19,3-dən 19,1-dək azalıb. Körpələrin 1444-ü əkiz, 33-ü isə üçəm doğulub.
Сari ildə doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.

Yanvar-sentyabr aylarında ölkədə 62,3 min nikah və 8,3 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,3-dən 9,0-dək azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalıb.
Onu da qeyd edək ki, 2012-ci ilin doqquz ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,6 min nəfər gəlib və 0,2 min nəfər ölkədən gedib.

Sevinc Fədai
AzNews.az