Aida Eyvazova Aida Eyvazova

Özünə imarət tikmədi, Şirvana səs saldı...

Aida Eyvazova


Şirvan ki, var, əzəl gündən övliyalar diyarıdır. Tarixin nə qədər bilinməyən sirrlərini, söhbətlərini gizlədir özündə Şirvan məmləkəti!!! Hər zaman qoynu gülşən, sözü dünyalara yayılan, səsi əzandan gələn bir MƏMLƏKƏT! Əsrlər, qərinələr ötsə də Xaqaninin, Nəsiminin, Seyyid Əzimin, Mirzə Ələkbər Sabirin dedikləri, yazdıqları bir quran ayəsidir ki, hopub insanların ruhlarına, beyinlərinə, zərb-məsəllərinə çevrilib. Bu da yenə torpağın müqəddəsliyindən, saflığından, təmizliyindən gələn bir işarətdir. Məclislərindəki tar, qaval, kamança, sazın sintezi də , indi adı az –az yada düşən, hələ 861-ci ildən Azərbaycanı dövlət kimi tanıdan Şirvanilərin , eləcə də 1382-1417-ci illərdə güclü və Müstəqil Azərbayacana çevirən Şirvanşah I Şeyxİbrahimin ənənəsidir. Ona görə də bu ellərin toyları, məclisləri, mərəkələri təkcə sazla deyil, başqa musiqi alətləri ilə də zəngin olur. Çünki bütün dünyaya İpək Yolu kimi qapısı olan Şirvanda bütün mədəniyyətlər öz əksini tapırdı.

Bu övliyalar yurdunda, səs-söz möcüzələri bitib-tükənmir ki... İki gün əvvəl səsi ilə artıq dünyanı mat etməyi bacaran Elnarə Abdullayeva atası Tapdıq kişinin həyətinə ölkəmizin dörd tətəfindən qonaqlar dəvət etmişdi. Toylu büsatlı Şirvanda yenə bir toy büsat qurmuşdu. Anadan olduğu Qobustan Rayonunun Çüxanlı kəndinə su çəkmişdi. 900 nəfərə yaxın əhalisi olan kəndin 12 məhəlləsində bulaqlar qaynayacaq. Suyunu da elə kəndin mərkəzindən 3-4 kilometr yuxarıda olan mənbədən götürüb. Beton-metal konstruksiyalı, cəmi tutumu 450 ton olan su anbarı tikib. 7,5 metr dərinliyində 55 metr drenaj xətti çəkib. Su xətləri hələlik 3500 metrdir. Bu bulaqlardan kənddəki 153 ev faydalanacaq. Məhəllənin mərkəzindəki bulağın divarında qara mərmərdən kəndin dörd şəhidi Həsrət Vəliyev, Mübariz Şabanov, Qalib Ələkbərov, Pərviz Mürsəlovun portretləri həkk olunub. Bu ən azı, həmin şəhidlərin ailəsinə bir təsəllidir. O şəhidlərin arzuları su olub evlərinə axır. Qobustan Rayonunun İcra başçısı Adil Məmmədov Elnarə xanım Abdullayeva ilə birlikdə bulağın qırmızı lentini kəsdi. Dünyalarca məşhur muğam ustası Alim Qasımov "Bərəkallah"-deyib, xeyir dua verdi. Şeyx Əbdül Mahmudbəyov Elnarə qızımızın bu savabını xan qızı Nətavanın Şuşaya sal dağlardan, qayalardan bulaq çəkdirməsinə bənzətdi. Dedi ki, Xan qızı Natavan Qarabağa su gətirdisə, el qızı Elnarə də Şirvan elində bir ilkə imza atdı.

Sonra ətrafdakı 4 kəndin sakinlərini, uzaqdan yaxından çağırdığı qonaqlarını Mahmud ağa sayağı açdığı dost süfrəsinə dəvət etdi. Samovarlar , qazanlar boşaldı, doldu. Ətrafda yaşayan xəstələri, əlilləri də unutmadı, evlərinə pay göndərdi halal süfrəsindən. Bu mərəkənin yiğıb yığışdırmaq, süfrələrə qulluq etmək əziyyətini isə kəndin qız-gəlini, Elnarənin 5 bacısı,3 qardaşı Çuxanlı və Sündü məktəbinin yuxarı sinif şagirdləri çəkdilər. Cuxanlı kəndinin direktoru Əmirağa Eyyubov, Sündü kənd orta məktəbinin direktoru Ziya Məmmədov dedilər ki, ata babadan qalmış ənənəni davam etdiririk. Eldə-obada bir xeyir-şər işi düşəndə əli iş tutan məktəbliləri həmin həyətə iş görməyə, əl yetirməyə göndəririk. Beləliklə , bu birlik, birgəlik, yardım ənənəsi uşaqların yaddaşına yazılır, nəsildən nəsilə ötürülür.



İndi bu məhəllədə bir bulaq səsi var. Səsi səslərdən seçilən Elnarə Abdullayevanın səsi kimi. Tanrı səsi sevməsəydi, onu belə gözəl yaratmazdı. Bir də Tanrının ruzi payında bir söz ruzisi var. O böyük Yaradan övliyalar yurduna sevdiyi səsləri və söz ruzisini bol verib. Şirvan şairləri, Şirvan aşıqları, səslərini Tanrıdan borc götürmüş Şirvan aşiqləri. Bu ellərdə doğulan körpələrin beşiyi üzərində "Şirvan şikəstəsi", "Döymə kərəmi" çalınır. Hələ ana bətnində olan körpələrin də musiqi kodudur, balaban, telli saz, dəf. Laylasında, beşiyində Şirvan şikəstəsi çalınan Tanrı övladından biri də Elnarə balamızdır. Anası Süsən oxuyardı. Qonum-qonşular dedi ki, Elnarə oxumağa başlayanda, rəhmətlik Süsən deyirmiş ki, sən məndən yaxşı oxuya bilməzsən. Amma deyilincə də səsi var imiş. Könlünə oxumaq düşəndə bu cənnət yerlərin havasından havalanıb, səsini zilə çəkərmiş. Səsi yeri göyü titrədərmiş Süsənin.

Hərdən fikirləşirəm ki, gözəl səs sahibinin doğulduğu gün də Tanrının, Allahın xoş ovqatına yazılan gündür. Elnarəyə də o günlərdən pay düşüb. Bu çəlimsiz qaraca qızın ruhu hər insanın ruhuna bənzəməz ki, bu qızda sufilik, hürufilik təcəlla edib. Oxuyanda fikir vermisinizmi?! Oxumağa başlayanda, haldan hala düşəndə , Yerdən ayrılıb öz məkanına yüksələndə boynunu sağa əyər, sağ çiynindəki mələkləri ilə baş-başa verər. Mələkləri necə desə, onu oxuyar. Sufilik saflıq, aydınlıq, ağlıq, təmizlik deməkdir. Saflığın da əsası əməldirsə, sonrası təmizlik, aydınlıqdır. O təmizlik də su ilə başa gəlir. Bu gün Ay kimi ruhun və səsin daşıyıcısı olan Elnarə həm də qədim əsil-kökündən qalan ənənələri davam etdirir. Kökündə bir Şeyx Həsən möhürü var. Atası tərəfdən Ulu babasıdır, dedilər. Kənddə onun türbəsi olub. Adına "Şeyx Həsən Bəsirə" türbəsi deyiblər. Bəsirə də Həsənin xanımı olub. Bu yerlərə İslamı yaymağa gəlib, qalıblar. Ötən il xanım Elnarə həmin Şeyx Həsən Bəsirə türbəsini də bərpa edib. Elin-obanın ixtiyarına verdi. Ata babası Qara kişi ötən əsrin 1924-cü ilində, bu gün Elnarənin toy büsat qurduğu məhəllədəki həyətində evinin birini ilk məktəbə verib. Nəticəsi Elnarə isə Bakıda Alatavada sahibi olduğu 1 sotluq həyətdə 60 kvadratmetrlik evində, balaca həyətində , firavan yaşayır. Özünə böyük imarət tikmədi. Heç bir fəxri adı olmasa da, imarətini xalqın qəlbində, könüllərdə yaradıb. Tufanlı təlatümlü bir dəryadır Elnarə. El içində üzü ağdır, qurduğu bulaqlar kimi. Hələ çox çağlayacaq, coşacaq. Bəlkə dünyadan bixəbərlər, oyanıb, ondan bir dərs götürələr. Dünya malı dünyada qalır!!! Dünyada qalan bir də gözəl əməldir!!! Bu əməllərdən bir ibrət götürən olsa.