Seymur BAYCAN Seymur BAYCAN

Niyə məni qucaqlamırsan?

Seymur BAYCAN


Düşünməzdim bir insan üçün bu qədər darıxacam. Darıxmaq bir hiss kimi mənə çoxdan tanış olsa da heç vaxt heç kim üçün bu qədər darıxmamışam. Hərbi məktəbdə oxuyanda bərk darıxsam da konkret bir adam üçün darıxmırdım. Azadlıq, sərbəstlik, rahat gəzmək, kartof qızartması üçün darıxırdım.

Bir böcək var. Əlinin üstünə qoyub arzunu dilə gətirirsən. Kimi görmək istəyirsənsə, kim üçün darıxırsansa adını çəkirsən. Guya böcək görmək istədiyin adama səni xatırladır. O adam səni görmək istəyir. Belə bir inanc vardı. Bir dəfə mən də bu oyunda iştirak etdim. Böcəyi əlimin üstünə qoyduqda bilmədim kimin adını çəkim. Görmək istədiyim və görmək imkanımın olmadığı bir adam tapa bilmədim. Əsgərlikdə də heç kim yox idi ki, heç olmasa yalandan adını çəkim. Hamı yaxında və əlçatan idi. Onda mən hər gün də olmasa iki gündən bir bizə gəlib-gedən yaxınlardan birinin adını çəkdim...

Bəlkə də konkret bir adam üçün darıxmaq hissi mənə yad olduğu üçün bu qədər çaşmışam, özümü itirmişəm. Bu qədər çətinlik çəkirəm. Təcrübəsizəm. Harda olursamsa-olum nədən söhbət gedirsə-getsin bütün günü onun haqqında düşünürəm. Dünya nə qədər böyük olsa da gördüklərin nə qədər başını qatsa da xeyri yoxdur. Əgər ürəyində bir ağrılı nöqtə varındısa heç nə dadına çatmaz. O ağrı hər yerdə özünü göstərəcək. Küçədə gedərkən gözüm onu axtarır. Metro vaqonuna minərkən çətin bir seçim qarşısında qalıram. Bilmirəm kitab oxuyum, yoxsa minib-düşənə baxım. Sonra düşünürəm. Mən görə bilməsəm də o, məni görər. Hər halda yaxınlaşar. Bu qədər qəddar ola bilməz. Çünki bir dəfə küçədə rastlaşdıq. Mən düz keçdim. Amma iyirmi metr gedəndən sonra dönüb arxaya baxdım. O isə məni növbəti küçədə yaxaladı. Dedi:

- Dönüb arxaya baxmasaydın... Sən arxaya baxmalı idin... Seymur, niyə məni qucaqlamırsan?

Bir şeyin, bir insanın qədrini bilmək üçün onu itirmək lazımdı, özü də müvəqqəti yox, əbədi. Bu itki məni çox kədərli hala gətirib. Son vaxtlar çox sentimental olmuşam. Hər şey təsirləndirir və kövrəldir. İndi çox peşmanam. Axı niyə mən onun sifətinə çox baxmadım, niyə onunla çox söhbət etmədim. Bu səhvi necə düzəltmək olar? Elə hərəkətlər var ki, imitasiya etmək olmur. Bir vaxtlar "Sakit Don"da oxuduğum bir səhnə, Qriqori Melexovla Aktisinya arasındakı bir münasibət mənə inandırıcı gəlməmişdi. Sonralar bunun və bu kimi neçə-neçə səhnələrin doğruluğuna inandım. Ürəyimdə ədalət hissi yarandı. Bir növ təmizləndim. Sevgi dastanların bir daha oxudum. Oxuduqlarıma inandım. Bununla həm də özüm-özümə sübut edirdim ki, mən onun arzularına layiq idim. Vəziyyət yaxşı deyildi. Ondan soruşdum-peşman deyilsən. Dedi:

- Bir qram da peşman deyiləm. İki şeydən qorxuram. Qorxuram uzaqda olarsan əlim sənə çatmaz. Bir də gözündən düşməkdən çox qorxuram. Nə olursa-olsun, bircə gözündən düşməyim.

Elə bil hər bir hadisəyə münasibəti, hər bir suala cavabı hazır idi. Həmin anlarda bu sözlər o qədər gözəl, o qədər səmimi səslənirdi ki, mən onların doğruluğuna bir qram da şübhə etmədim.

Niyə bütün bu söhbətləri xatırlayıram? Niyə son vaxtlar hər şeydə məna axtarmağa çalışıram? Axı nə olub? Bəlkə bütün bunlara səbəb öz yaşımı dərk etməyimdir? Qırx yaşda dərk eləməyə başladığın bir çox şeylər barədə düşünmək nə qədər ağırdır. Gərək dözək. Ancaq necə?

Qarşımda onun sevimli, məsum, mənim üçün müqəddəsləşən surəti, beynimdə qarışıq fikirlər, xatirələr "Tarqovı" küçəsində yerləşən "Sisley" mağazasının yanından keçərkən bərk sarsıldım. Şüşənin arxasında dayanmış manikenlərdən biri necə də ona oxşayırdı! Dayandım. Bir az da şüşəyə yaxınlaşdım. Manikenə diqqətlə baxdım. Ürəyim sancdi. Bütün bədənim yarpaq kimi əsən bir tikə ətə çevrildi. Bu nədir? Cansız bir maniken insanı bu qədər necə həyəcanlandıra bilər. Nədir bu? Bəlkə mən vəziyyəti lazım olduğundan artıq dramatikləşdirirəm? Bəlkə ədəbiyyat hisslərimi lazım olduğundan çox itiləyib? Bir az manikenə baxıb mağazaya daxil oldum. Satıcılardan biri yaxınlaşdı. Dedim administratoru görmək istəyirəm. Satıcı mağazanın dərinliyinə doğru getdi. Az sonra qayıtdı və dedi:

- Gözləyin!

Paltarlara baxa-baxa gözlədim. Yavaş-yavaş cəsarətimi itirməyə başladım. Canımı vahimə bürüdü. Axı ona necə deyim ki, mən bu manikeni almaq istəyirəm? Birdən soruşsa: "Nəyinə lazımdır? Neynirsən? Ya satılmır. Ya da alırsansa üstündəki paltarları da almalısan".

Hamısına pulum çatarmı? Alsam evə necə aparacam? Mən təzədən onu geyindirə biləcəmmi? Yaxşı ki, administrator gecikdi, mağazanı tərk etdim. Bulvara getdim. Gəzdim. Bir saat yarımdan sonra təkrar mağazanın qarşısından keçəndə artıq tək deyildim. Yanımda gənc bir dostum var idi. Yenə darıxdığım adama oxşayan manikenin qarşısında dayandım. İstədim dostumdan xahiş edəm bizim şəklimizi çəksin. Utandım…

(Lent.az)