"...Heç kimə güzəşt olmayacaq" - Hacıbala Abutalıbov (Müsahibə)

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Mer əvvəlcə görülən son işlər barədə məlumat verib.


- Görülən işlər çox yüksək səviyyədədir. Mənzil sahiblərinin hamısı kotteclərdə, evlərdə yerləşdirilib. Kimsə bu müddət ərzində kirayə tutubsa, problem yoxdur. Onlara da kirayə haqqı ödənilib.

- Övladlarını itirən valideynlərin durumu necədir? Onlar hara yerləşdiriliblər?

- Onların bir hissəsi özlərinin istədiyi kimi Goradildə, ayrı-ayrı kotteclərdə, bir hissəsi istədikləri kimi Buzovnadakı sanatoriyada, bir hissəsi isə özlərinin istəyinə görə qohumlarının evində qalırlar. Bununla belə hamısına kirayə haqqı verilir. Onları ən yüksək səviyyədə elə yerləşdirmişik ki, həm də həkim nəzarətində olsunlar.

- Yeri gəlmişkən, yaralıların vəziyyəti necədir?

- Bugünkü məlumata görə, onlar da xəstəxanadadır, iki-üç günə buraxılacaqlar. Prezident hər saat, hər dəqiqə bu işlə maraqlanır, göstərişlər verir.

- Prezidentin müşavirədəki çıxışında xeyli tənqidi notlar oldu...

- Hər bir məmur tənqidi nota görə, ümumiyyətlə tənqidin olmaması üçün əlindən gələni etməyə başlayıb.

- Yanğına görə heç bir qurum məsuliyyət payını bölüşmək istəmir.

- Bu gün istintaq gedir. Gəlin istintaqın işinə maneçilik törətməyək. Bizim dediyimiz hər hansı bir söz istintaqın işinə problem yaradacaq. İstintaq ən yüksək səviyyədə işi aparacaq. Möhtərəm prezidentimizin dediyi kimi, ən yüksək səviyyədə də cəzalanacaqlar. Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq heç kimə güzəşt olmayacaq. Buna əmin ola bilərsiz...

- Amma bu iş üzrə həbs olunan şəxslər olduqca kiçik ranqlı məmurlar. Binaları üzləyən firmanın rəhbəri, MİS müdiri, başçısının müavini... Əhalidə narazılıq var ki, niyə məsuliyyət kiçik məmurların üzərinə qoyulur?

- Əmin olun ki, cəzalanacaqlar. İstintaqın nəticəsindən asılı olaraq cəzalanacaqlar. Mən hər gün o sakinlərlə görüşürəm, onların dərdlərini dinləyirəm. Dünən (21 may tarixində-S.T) iki nəfər sakin kirayədə qalmaq istəmədi, dedi ki, Goradildə kotteclərdə yaşamaq istəyirik. Bilirsiz ki, o kotteclər 3 otaqlıdır. Orda yemək, geyim pulsuzdur. Dövlət tərəfindən ödənilir. Digər tərəfdən, mən belə onların yanında Sərhəd Qoşunlarına aid kotteclərə müraciət elədim. İkisi də bunları məmnuniyyətlə qəbul elədilər, problem yoxdur.

- Binəqədinin icra başçısı Xaləddin İsgəndərov bizə müsahibəsində deyib ki, binalara üzlük çəkən firmaya buna görə dövlətdən hər hansı vəsait ödənməyib, bunu könüllülük əsasında edib... Bu, nə dərəcədə inandırıcıdır?

- Gəlin istintaqın nəticələrini gözləyək.

- Bunun istintaqın nəticələrinə nə aidiyyəti var?

- Bu istiqamətdə deyilmiş hər bir sözün, verilmiş hər bir açıqlamanın istintaqa aidiyyəti var. Kim nə deyir, nə demir, onların hamısı istintaqın protokoluna yazılır, onlar da araşdırılır.

- Bəs sizin özünüzün binaların üzlənməsi prosesindən xəbəriniz və bu işə Bakı şəhər İcra Hakimiyyəti olaraq hər hansı qatqınız var idimi? Sizin icazə vermək səlahiyyətiniz var idimi?

- Mən sizə bir şey deyim. İstintaq gedir, istintaq bu işə ən kiçik aidiyyəti olan qurumları belə dəvət edir, sorğu-suala tutur...

- Sizi dəvət ediblərmi istintaqa?

- Mən istintaqa dəvət olunmamışam. Öz adımdan deyirəm. Amma istintaqa kim ki, kömək etmək istəyir, bildiyi əlavə məlumatı paylaşmaq istəyir, həmin adamlar istintaqa gedib öz bildiklərini deməlidir. Prokurorluq işçiləri hazırda yanan binanın yaxınlığında, 5 saylı polis bölməsinin yanında yerləşirlər. Polis idarəsinin də istintaq şöbəsi həmin bölmədədir. Qərargahımız da həmin bölmənin həyətindədir. Şikayətçilər də ora dəvət olunur, hər bir şikayətçi dinlənilir. Kimin nəyi, nə qədər yanıb, hamısı araşdırılır. Müəyyən qədər dözmək lazımdır. Əminəm ki, möhtərəm prezidentimizin tapşırığı ilə yaradılmış istintaq ədalətli olacaq. Kimliyindən və mövqeyindən asılı olmayaraq hamısı ən yüksək səviyyədə cəzasını alacaq.

- Bu prosesin sonunda sizin də cəzalanacağınız, vəzifənizi itirəcəyiniz söz-söhbətləri yayılıb. Özünüzə qarşı hər hansı təhlükə hiss edirsiz?

- Bilirsiz nədir? Vəzifəyə təyin edən də möhtərəm prezidentimizdir, vəzifədən azad edən də. Möhtərəm prezidentimizin qərarı müzakirə olunmur. Bu haqda məndə heç bir məlumat yoxdur. Yayılan məlumatlar isə yalan və böhtandır.

- Paralel olaraq bu sual da meydana çıxır ki, Avropa oyunlarından qabaq binaların üzlükləri sökülür. Bəs oyunlara qədər o binaların üzü hansı formada dizayn ediləcək?

- Biz əlimizdən gələni edəcəyik ki, Avropa Oyunlarına qədər işlər yekunlaşsın. Bu işlərin Avropa Oyunlarına heç bir dəxli yoxdur. Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək.

- Nə olacaq o üzlüklərin yerində? Boya, yoxsa...?

- Ən yüksək səviyyədə bərpa işləri olacaq. Məsələn, elə bina var ki, xüsusi keramik qranit lövhələr vurulacaq. Eləsi var ki, onlar ağ daşla bəzədiləcək. Elə binalar var ki, onları rəngləyəcəyik. Almaniyadan və Finlandiyadan gətirilən rənglərlə. Çünki bu boyalar elə həmin ölkələrin özündə təcrübədən keçirilib. 5-10-20 il bu boyalar fasadlarda qalır. Biz də o boyaları xaricdən gətirib həmin texnologiyaların əsasında onları vuracağıq.

- Hazırda müzakirə olunan versiyalardan biri də terror versiyasıdır. Binanın birdən-birə alışmasında, sürətlə yanmasında bu ehtimalın da payı olduğunu düşünənlər var. Sizin fikriniz necədir?

- Bu dediyiniz də istintaqın araşdıracağı məsələdir. Komissiyanın araşdırmasında bu ehtimal da var. Hər bir fikir, ideya, ehtimal hamısı bir-bir yoxlanılır. Tam məlumatı hüquq mühafizə orqanları verəcək.

- Dövlət başçısının son müşavirədə "Dostluq" parkındakı ərazidə sökülməli olan evlərlə bağlı çıxışını dinlədiz yəqin. Bu gün bizim qəzetin əməkdaşı ordan reportaj hazırlayıb və məlum olub ki, orda işlər dayanıb, söküntü getmir...

- Kim deyir? Mən dünən axşam saat 8-də orda olmuşam, 4 texnika, 40 fəhlə işləyir ərazidə. Gecə-gündüz iş gedir.

- O evlərin sahibləri arasında müxalifətçilər olsa, onlarla necə davranacaqsız?

- Dövlət üçün müxalifət-iqtidarı məfhumu yoxdur, vətəndaş məfhumu var. Kimliyindən asılı olmayaraq, qanunsuz hərəkət edən şəxs cəzasını alacaq.

- Yanmış bina sakinlərindən bəziləri deyir ki, hadisə zamanı ciddi travma aldığımız üçün yenidən o evlərdə yaşamaq istəmirik, başqa yerə köçürsünlər bizi. Onların bu istəyi nəzərə alınacaqmı?

- Yüz faiz. Mənə hələlik bu haqda məlumat verilməyib. Hətta dünən görüş zamanı bir nəfər kənar adam çox hirsli vəziyyətdə dedi ki, adamlar var burda yaşamaq istəmir. Mən də dedim ki, qardaşım, oğlum, kim istəməyəcəksə, onlarla danışıqlar nəticəsində məsələni müsbət həll edəcəyik. Bu gün (22 may-red.) o 56 evin sakini ilə görüşürəm. Hamısı deyir ki, yüksək səviyyədə təmir olunacaq, mebellə təmin olunacaqsa biz yalnız və yalnız prezidentə minnətdarıq. Əlavə məlumat verilməyib. Bu gün (dünən-red.) saat 2-də onlarla Bakı Şəhər İcra Hakimiyyətində görüşəcəm, bütün problemlər yüksək səviyyədə həll olunacaq.

- İstismar müddəti keçmiş yaşayış binalarına xərc çəkib, üzlük vurmaq nə dərəcədə məqsədəuyğundur?

- Birincisi, şəhərdəki 140 binanın üzlüyü söküləcək. İstəyir beşmərtəbə olsun, istəyir birmərtəbə. Onların yeri də tez bir zamanda bərpa olunacaq. Buna əmin ola bilərsiz. İkinci bir tərəfdən, sizin sualınıza cavab olaraq deyirəm ki, bu binaların hamısını Fövqəladə Hallar Nazirliyi yoxlayır. Əgər nazirlik arayış versə ki, bu bina dayanıqlı deyil, bu binanın istifadə müddəti qurtarıb, amma yaşamaq olar, onda həmin binanı sökməyəcəyik. Yox, əgər desə ki, bu binada yaşamaq təhlükəlidir, əlbəttə ki, sökəcəyik. İnsanlara da müvafiq mənzillər verəcəyik.