Gec ailə quranların qarşılaşdığı problemlər Gec ailə quranların qarşılaşdığı problemlər

“Niyə evlənmirsən, evdəmi qaldın?” - ARAŞDIRMA

Gec ailə quranların qarşılaşdığı problemlər



"29 yaşım var. Hələ ailə qurmamışam. Şəxsən mən bunu özümə problem etmirəm. Ancaq qohum-qonşunun, ətrafımdakı insanların qınağı, tez-tez bu barədə soruşmaları mənə çox pis təsir edir. İnsana yazıq kimi baxırlar, acıyırlar sanki… Belə söz-söhbətlər, "filankəsin qızı evdə qalıb" kimi ifadələr ailəmi də çox utandırır və mən də özümü günahkar, pis bir şey etmiş kimi hiss edirəm. Ancaq məni daha çox maraqlandıran ixtisasımda yüksəlməyim olub. Həmçinin, özümü onunla xoşbəxt hiss edəcəyim bir insanla qarşılaşmamışam hələ. Cəmiyyətin cür düşüncəsini heç cür qəbul edə bilmirəm".

Bu sözləri söyləyən və bu baxışdan sıxılan Həlimədir. Danılmazdır ki, ətrafımızda və tanışlarımız arasında onun kimi qızlar çoxdur. Buna da səbəb çox hallarda karyera qurmağı daha üstün bilmələri və bu müddət ərzində də ailə qurmaq üçün yaş həddinin keçməsi olur. Digər səbəblərin də bu məsələyə təsiri olur. Ancaq səbəbindən asılı olmayaraq, həmin qızlar tez-tez "Niyə evlənmirsən, evdəmi qaldın?" suallarına tuş gəlirlər. Evliliyi gecikən qadınlar, evlənə bilməmək üzündən psixoloji problemlərlə üzləşir. Bunda ətrafın təsiri də açıqca görülür.

"Evdə qalmış qız" statusu

Cəmiyyət nəzərində "evdə qalmış" rəftarı görən qızlar narahat olurlar. Məruz qaldıqları mənfi rəftar qarşısında bəzən təkliyə qapılan gənc qızlar istəmədikləri şəxslə evlənmək məcburiyyətində qalırlar. Xüsusilə adətlərin güclü olduğu Şərq ölkələri bu tətbiq ağırlığını daha çox hiss etdirir. Evdə qalma qorxusu erkən yaşda evliliklərin də ən böyük səbəblərindən biridir. Qadınlarla yanaşı kişilər də eyni mənfi baxış tərzi ilə qarşı-qarşıyadır.

Psixoloq Taryel Farizoğlunun fikrincə, qızların ailə qurmağı təxirə salması sonradan bir çox problemə yol açır: "Bu da təbii haldır. Çünki insanın fiziologiyasından tutmuş bu məsələyə baxışına kimi psixologiyaya bu məqamda mənfi təsir göstərir. Qadınlarda müəyyən tələbatların ödənilməməsi 30 yaşdan sonra hormonal problem yaradır. Hətta güclü orqanizmə sahib qadınlarda da bu problemlər özünü biruzə verir. Zəif orqanizmli qadınlarda isə bu, artıq özünü müxtəlif xəstəliklərlə göstərir".

Kiminsə həyatını müzakirə etmək haqqımız varmı?

Bəs cəmiyyətimiz gec ailə quran qızlar haqqında xoşagəlməz ifadələr işlətmək haqqını hardan alır? Niyə məhz bunu müzakirə obyektinə çevirməliyik? Bu müdaxilə hansı təsirləri yaradır? Taryel Faziloğlu bu suallarımıza da aydınlıq gətirdi: "Doğrudur, həmin qadınlar bir tərəfdən də, cəmiyyətin təzyiqinə məruz qalır. Belə ki, cəmiyyətin bu məsələyə baxışı, qınağı həmişə qızlarda psixoloji gərginlik yaradır. Bu da onların sinir sisteminə mənfi təsir göstərir. Belə ki, daimi gərginlik onların sinir sistemində boşalmalar yaradır, əsəb pozuntularına səbəb olur. Həmin xanım artıq müəyyən müddətdən sonra əsəbi xarakterli olur, daha kobud davranışlara yol verir. Bununla da həmin psixoloji problemlər böyüyərək stressə, depresiyaya gətirib çıxarır. Bu hal da qadınlarda artıq nəzərə çarpmağa başlayır".

Səbəb nədir?

Psixoloq onu da əlavə etdi ki, qızların gec ailə qurmasının və ya ümumiyyətlə, qarımamasının birinci səbəbi sosial azadlıqla bağlıdır. Belə ki, sosial sahədə aktivləşən, ayrı-ayrı işlərdə uğur qazanan bir çox qızların ailə həyatı qurmaq mövqeyi müəyyən qədər zəifləyir. Çünki belə xanımlar düşünür ki, əgər ailə həyatı qursalar, bu, onların karyerasına mənfi təsir göstərəcək. Belə qızlar bir də onda ayılırlar ki, yaş 35-40-a çatıb, ailə isə yoxdur.

Bir çox şəxsdən də qızların gec ailə qurmalarının səbəbini soruşduq. Bəziləri bunu şəxsi problemlərin ola bilməsiylə izah etdi. Bəzilərinin fikrincə isə, problemin kökündə uyğun həyat yoldaşı tapmamaq dayanır. Bunu Avropaya inteqrasiya ilə əlaqələndirənlər də var, karyera ilə bağlı olmasına inanalar da.

Sevinc Fədai
AzNews.az